Böyük fəlakətə doğru
Vəlvələ, xaos, qorxu ssenarisi
Sovet nüvə ekspertinin dedikləri diqqətimi cəlb etdi. Adam qeyd edir ki, “soyuq müharibə”nin gərginləşdiyi anlarda belə, atom bombası mövzuları nadir gündəmə gəlirdi. Hər iki tərəf də çəkinirdi, qorxurdu və o həddə gəlmədən hansısa uzlaşma əldə edilirdi.
Son günlərin dünyasında artıq atom bombasının atılması məsələsi saqqız kimi çeynənən mövzuya çevrilib. Qərb kəşfiyyat orqanları hətta bombanın atılacağı ilə bağlı məlumat belə, əldə etdiklərini deyirlər. Sanki artıq buna zəmin yaradılır.
Ukraynada müharibənin yeni fazası başladı. Rusiya tutduğu əraziləri artıq özününkü hesab edir və şəxsi müdafiəsi naminə edəcəyi hər şeyə haqq qazandıracaq.
Artıq bu ehtimal mənə də real gəlir ki, Rusiya hansısa dəhşətli hərbi vasitədən istifadə edəcək. Adını daha bilmirəm ki, uran, hidrogen və ya hansısa total məhvedici hansından atacaq. Amma bu gediş onu göstərir ki, nəsə olacaq.
Kollektiv Qərb Suriyadakı kimi Rusiya qarşısında durmadı. Konkret dirəşiblər. İstər hərbi, istər iqtisadi olaraq intensiv formada Ukrayna tərəfində dayanıblar. Rusiya Ukraynada kollektiv Qərblə uzunmüddətli müharibə apara bilməz.
Gedişat onu göstərir ki, Rusiya Ukraynaya nəsə dəhşətli bir şey atacaq və hər kəsi kənara atıb ABŞ-la duel masasına oturacaq. Bunun effekti dünyaya vəlvələ salacaq, xaos vəziyyəti formalaşacaq, insanlar qorxacaq, hər yerdən küçələrə tökülüşüb müharibənin dərhal bitməsin istəyəcəklər.
ABŞ da 2 seçim qarşısında qalacaq:
1) ABŞ açıq dünya müharibəsinə getməyəcək. Ukraynanın geridə qalanını özünə tabe edib, Polşa ilə birlikdə Şərqi Avropada yeni bir böyük bufer zona yaradacaq;
2) ABŞ tərəfindən adekvat cavab veriləcək. Müharibə birbaşa NATO-Rusiya müharibəsinə çəvriləcək. Bu zaman nələr ola bilər, adam təxmin belə, etmək istəmir.
Məntiq onu deyir ki, ikinci variantda hər iki dövlət məhv olar. Ancaq ilk variantda əsasən ABŞ daha karlı çıxır. Ukraynanın 15%-ni güzəştə gedib, qalanı birdəfəlik götürür, Polşa ilə birlikdə Avropanın şərqində böyük bufer zonası yaradır.
Rusiya da Ukraynadan torpaq aldığına görə ənənəvi klassik imperiya havası atmış olacaq. Amma əslində Ukraynanın qalanından imtina etmiş olacaq. Bir məsələ də var ki, Rusiyanın nüvə təhdidi aktual formada hər zaman xof kimi Qərbin sancısı olaraq qalacaq.
Hər halda dünyada hansısa ciddi qaynama olacaq. Hazırkı müharibəni ya daha da alovlandıracaq, ya da söndürəcək. Amma mütləqdir ki, nəsə fəlakətli bir şey olmağa doğu gedir hər şey.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”