Bölgəmiz "qan çanağına" çevrilir: "Azərbaycana təhlükə var, amma İrandan daha çox..."
Ərəstun Oruclu: “Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu hər iki tərəfə mesajdır”
“İranın müharibəyə cəlb olunmasında ən maraqlı tərəf Rusiyadır. Çünki müharibə vəziyyətində Rusiya “İranın xilaskarı” kimi prosesə müdaxilə edə bilər. Bununla da Rusiya gedib Yaxın Şərqdə oturacaq, geosiyasi hədəflərinə çatmış olacaq”
Azərbaycanın yerləşdiyi bölgədə son günlər geosiyasi vəziyyət gərginləşib. Əvvəlcə onu qeyd edək ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu həyata keçirilib. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Ötən gün yerli vaxtla saat 22:00 radələrində şəhidimizin nəşi, xəsarət alanlar, səfirliyin digər əməkdaşları və ailə üzvləri Bakıya gətirilib. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb. İran tərəfi hadisəni “məişət məsələsi” adlandırsa da, rəsmi Bakı bununla razılaşmır, hücumu birmənalı şəkildə terror adlandırır. Və hadisə ilə bağlı hərtərəfli araşdırma aparılması, nəticənin Azərbaycanla paylaşılması, terroru törədənlərin, bu işdə əli olanların cəzalandırılmasını tələb edir.
Səfirliyimizə qarşı terror aktı törədilən gün İsraildə sinaqoqa terror hücumu edilib, 7 nəfərin qətli baş verib. Təl-Əviv bunun terror olduğunu, hadisəyə görə ağır cavab veriləcəyini açıqlayıb. Hadisədən təxminən bir sutka sonra İranın şimalında yerləşən bir neçə şəhərində hərbi bazalara, müəssisələrə dronlardan hücumlar təşkil edilib, partlayışlar baş verib. Bəzi ekspertlər bunun İsrail tərəfindən edildiyini bildirsələr də, rəsmi şəkildə doğru-dürüst məlumatlar yayılmayıb. İran tərəfi xüsusilə, hadisə ilə bağlı susqunluq nümayiş etdirir, “araşdırma aparıldığını” bildirir.
Baş verənlərdən belə qənaətə gəlmək olar ki, bölgədə vəziyyət son dərəcə kritikdir, müharibə təhlükəsi artmaqdadır. Hər an regionda genişmiqyaslı müharibənin baş verməsi istisna sayılmır.
Baş verənlərlə bağlı AYNA-nın suallarını ABŞ-da yaşayan azərbaycanlı politoloq, “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu cavablandırıb. Analitik əvvəlcə Azərbaycanın Tehrandakı səfirliyinə hücumun baş verənlərlə bağlılığına diqqət çəkib:
- Səfirliyə hücumun detallarına varmaq istəmirəm. Onu deyə bilərəm ki, bu hücum əvvəlcədən hazırlanmış hücumdur. Ailə ilə bağlı deyilən səbəb, “məişət məsələsi” uydurmadır. Bütün gizli kəşfiyyat əməliyyatları, gizli terror əməliyyatları hər zaman uydurma versiyalarla pərdələnir. Bu, bütün kəşfiyyatların iş metodudur. Hadisənin bütün detallarını analiz etdikdə burada kəşfiyyat əməliyyatı izi müşahidə edilir. Başa düşdüm ki, vəziyyət heç də yaxşı deyil. Bu hadisə ilə sanki nəyinsə baş verəcəyinin anonsu verilmiş oldu.
- Söhbət hansı hadisənin baş verəcəyinin anonsundan gedir?
- Müharibənin. Bununla müharibə anonsu verilmiş oldu. Burada ikinci məqam var. Ümumiyyətlə, İranın da, Azərbaycanın da cəlb olunduğu “Böyük Orta Doğu” bölgəsində nə baş verir? Bu suala cavab önəmlidir.
- Sizcə, nə baş verir?
- Bu gün bölgəyə nəzarət uğrunda amansız mübarizə gedir. Çünki bu region qlobal kommunikasiyaların keçdiyi ərazidir. Bölgə Xəzərin orta hissələrindən başlayır. Söhbət bu gün müzakirə olunan Orta Dəhlizdən gedir. Bölgənin bitmə yeri isə Yaxın Şərqin ortası, Suveyş kanalına qədər ərazidir. Bu ərazi nəhəng Şərq-Qərb Dəhlizinin keçəcəyi, keçdiyi ərazidir. Həmin ərazi uğrunda bu gün mübarizə gedir. Rusiyanın Şimal-Cənub Dəhlizi məhz həmin nəhəng kommunikasiya sisteminə nəzarət etmək istəyindən qaynaqlanır. Yoxsa Rusiyanın elə bir ticarət dövriyyəsi, daşıma imkanları yoxdur ki, özü üçün nəhəng dəhliz düzəltsin. Yaxın Şərqə Rusiya nə verəcək? Neft verməyəcək ki?! Söhbət sadəcə geosiyasi və strateji plandan gedir ki, Rusiya həmin nəhəng Şərq-Qərb Dəhlizinə Şimal-Cənub Dəhlizi vasitəsilə təsir göstərsin və qlobal güc kimi özünü nümayiş etdirsin. Bu, Azərbaycanın marağında deyil. Çünki bundan Azərbaycan nə böyük iqtisadi maraq əldə edir, nə də geosiyasi uduşu olur. Rusiya ilə əməkdaşlığa gedəcəyi halda Azərbaycan faktiki olaraq şərti adı Çin-Avropa yolunun Rusiyanın nəzarət dairəsinə keçməsinə şərait yaratmış olacaq. Bununla da Azərbaycan böyük güclərin, əks tərəfin – Çindən tutmuş Avropaya, Amerikayadək – təsiri və təhdidləri ilə üzləşməli olacaq.
- Bəs terrorun baş verdiyi İran?
- İran Azərbaycanla demək olar ki, eyni vəziyyətdədir. İranla Azərbaycan arasında çoxlu ziddiyyətlər var və bu, kifayət qədər ciddidir, dərindir. Bunu heç kim danmır. Eyni zamanda, İranla Azərbaycanı Şimal-Cənub Dəhlizi məsələsində eyni maraq birləşdirir. Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu baş verəndə anladım ki, bu, hər iki tərəfə mesajdır.
- Amma İran terrorla bağlı ciddi açıqlama vermir...
- Dediyim kimi, bu, planlı kəşfiyyat hücumu idi. Buna İran tərəfi “məişət məsələsi” donu geyindirməyə çalışdı, amma baş tutmadı. Tehran mesajın nə olduğunu anlayır.
- Maraqlı məsələdən biri də odur ki, səfirliyə qarşı terrordan bir gün sonra İranda hərbi obyektlər bombalandı. Bunun İsrail tərəfindən həyata keçirildiyi ehtimalları səslənsə də, dünya mediasında bu barədə ciddi məlumatlar yoxdur. Heç İran da bu barədə dəqiq məlumat yaymır, araşdırmalar aparıldığını bildirir. Bunun səbəbi nədir?
- Bəli, İran bu gün demir ki, nə baş verdi, hücum kim tərəfindən edilib. Amma Azərbaycanda bu hadisə ilə bağlı yanlış şərhlər verilir. Hesab edirəm ki, bu, zərərlidir. Azərbaycandakı sosial media istifadəçiləri və özünü siyasətçi, ekspert adlandıranların hamısı ortaya düşüb toy-bayram edirlər ki, “İsrail İranı vurdu”. Azərbaycanın Tehrandakı səfirliyinə hücum olan gün İsraildə, Şərqi Qüdsdə sinaqoqa hücum oldu və 8 nəfər qətlə yetirildi. Bunu da İran, İsrail, yaxud ABŞ etdi? İndi bəzi azərbaycanlılar bildirir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börns İsrailə bu məsələni müzakirə etməyə gəlib. Bu da yanlış təsəvvürdür. Börns İsraili böyük müharibədən çəkindirmək üçün gəlir. Çünki böyük müharibə Rusiyanın marağındadır. İran İsrail və ya digər ölkələr tərəfindən təhdid olunacağı halda Rusiya ilə birləşəcək. Bu şəraitin yaranmasında kimin maraqlı olması sualı var.
- Sizcə, kim maraqlıdır?
- Bunu deyə bilmərəm, çünki ehtimal olacaq. Hazırda bölgədə ciddi proseslər gedir və belə proseslər haqqında əsassız ehtimal irəli sürmək yanlış olardı. Amma hər bir halda, bu gün İrana qarşı müharibə marağında olan qüvvələr mövcuddur. Bəli, İsrail istəyir ki, İranı zəiflətsin. Daim Təl-Əviv buna çalışıb. İsrailin Baş naziri Netanyahu bildirdi ki, sinaqoqa hücumun cavabı sərt olacaq. Amma kim isbatlaya bilər ki, Netanyahu İranı nəzərdə tuturdu? Yaxud da, İrandakı hərbi obyektləri İsrail vurmuş olsaydı, bunu bəyan edərdi və bildirərdi ki, sinaqoqa hücuma cavab olaraq bu addım atılıb. Bəlkə, doğrudan da İrandakı obyektləri İsrail bombalayıb. İddia etmirəm ki, bunu İsrail törədib, ya törətməyib. Amma sual yaranır: İsrail niyə İranın cənubundakı obyektləri vurmur, gəlib şimaldakıları vurur? Bunu texniki baxımdan necə edir, hansı silahlarla vurur? Yaxud da, İranın hava hücumundan müdafiə sistemi bu dərəcədəmi primitivdir? Çoxlu suallar ortaya çıxır və bu səbəbdən konkret nəsə demək, iddia etmək çətindir.
- Bəs görünən nədir?
- Görünən odur ki, İranın müharibəyə cəlb olunmasında ən maraqlı tərəf Rusiyadır. Çünki müharibə vəziyyətində Rusiya “İranın xilaskarı” kimi prosesə müdaxilə edə bilər. Bununla da Rusiya gedib Yaxın Şərqdə oturacaq, geosiyasi hədəflərinə çatmış olacaq. Mənim gördüyüm proses budur. Ona görə də hesab edirəm ki, Azərbaycan bu proseslərdən kənarda dayanmalıdır.
- Ona görə ki, Azərbaycanın poliqona çevrilmək təhlükəsi var?
- Bəli, Azərbaycan üçün belə bir təhlükə var. Amma bu təhlükə bəzilərinin sətiraltı, bəzilərinin açıq iddia etdiyi kimi, İsraildən gəlmir. İsrail heç bir halda gətirib Azərbaycanda hərbi baza inşa edə, dronlar yerləşdirə və İrana hücum edə bilməz. Birincisi, buna Azərbaycan razı olmaz. İkincisi, buna Türkiyə razı olmaz. Üçüncüsü, buna ABŞ razı olmaz. Ən nəhayət, bunu İsrail etməz, çünki bu, səmərəsiz bir addım olar. İran Azərbaycanda kəşfiyyat şəbəkəsinə malik deyilmi ki, İsrail gəlib rahat şəkildə Azərbaycan ərazisində baza qursun, İranın da bundan məlumatı olmasın?! İran birinci həmin bazaları vurar. Demək istədiyim odur ki, məsələlər hələ çox qaranlıqdır. Proseslərin başında dayananın Rusiya olduğu da ehtimaldır. Amma biz görürük ki, bu gün Şimal-Cənub Dəhlizinin açılmasında bu gün israrla maraqlı olan Rusiyadır. Rusiya rəsmilərinin Azərbaycan və İrana intensiv səfərləri də bunu göstərir. Bütün görüşlərdə birinci mövzu məhz Şimal-Cənub Dəhlizidir. Bütün hadisələr də məhz Şimal-Cənub Dəhlizi ətrafında cərəyan edir.
- Baş verənlərin sonrakı mərhələsi ilə bağlı suallar var. Sizin proqnozunuz nədir?
- Azərbaycan üçün ciddi təhlükələr var. Bu təhlükə İrandan daha çox Rusiyadan gözlənilir. Təsəvvür etmək çətindir ki, Azərbaycan ərazisindən İrana təhdid olsun. Bu, qeyri-mümkündür. Azərbaycan buna razılıq verərmi, verə bilərmi - ağlasığmazdır. Proqnozlar bədbindir. Hazırkı məqamda nikbin proqnoz vermək çətindir. Rusiya Ukraynada məğlub olur və hər zaman demişik ki, Rusiya məğlub olarsa, Şərq-Qərb Dəhlizini kəsmək üçün yeganə şansı Cənubi Qafqaz və İran üzərindən olacaq. Bu baxımdan, bölgəmiz ciddi təhlükə altındadır. Bəli, Şərq-Qərb Dəhlizini kəsmək üçün Rusiyanın şansı Mərkəzi Asiya üzərindən də var. Amma orada Rusiya birbaşa Çinlə üz-üzə gəlməli olacaq. Lakin bu gün Rusiya Qərblə olduğu vəziyyətə Çinlə də düşmək istəməz.