Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirəcəklər
Soydaşlarımız Fransa Senatında ermənipərəst qətnamənin qəbuluna etiraz edəcəklər
Noyabrın 15-də Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq aksiya keçirəcəklər. “Avronews”un əldə etdiyi məlumata görə, aksiya yerli vaxtla saat 10:00-a planlaşdırılıb.
Aksiya zamanı Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalət tələb edəcəklər. Həmin gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.
Bundan əvvəl Senatın 6 üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Aİ ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.
Azərbaycanlılar Fransa parlamentinin yuxarı palatasında baxılmaq üçün təklif olunan anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına müraciət olaraq petisiya əsasında imza toplayıblar.