“Azərbaycan üçtərəfli bəyanatlara tam əməl etmək mövqeyindədir” - Bayramov
XİN başçısı: “Ermənistan bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı”
“Azərbaycan üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır. Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub”.
“Avronews” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Etirazlar başlayanda Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Ermənistan paralel olaraq yolda vəziyyətlə bağlı təhrif olunmuş məlumatları fəal şəkildə təbliğ edir və bu vəziyyət ətrafında ajiotaj yaratmağa çalışır, eyni zamanda bu məsələ ilə bağlı danışıqlardan imtina edir: “Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.