Romanovski, Priqojin, Orxan CAMAL

Romanovski, Priqojin, Orxan CAMAL

Əminəm ki, az qalıb – onların axırıdır

"Vaqner"in şefi Priqojin üçün ağır gündür. "Bu gün Kirill Romanovski dünyanı tərk etdi. O, ölkəmiz üçün çox işlər görmüş nəhəng hərbi jurnalist, mənim yoldaşım idi”, – Priqojin bildirib bir qədər əvvəl.

Romanovski rəsmi olaraq RİA FAN-ın müxbiri idi. Dünyanın bir çox qaynar nöqtələrindən reportajlar hazırlayırdı. Gəl gör ki, FAN-ın (РИА ФАН, Федеральное агентство новостей) özü də Priqojinə bağlı bir media quruluşudur.

Putinin şəxsi aşpazının bu hərtərəfli “fəaliyyəti” təəssüf ki, gəlib bizə də toxunur. Belə ki, Romanovskinin adı mərhum Heydər Camalın oğlu Orxan Camal və iki həmkarının Afrikada qətlə yetirilməsi hadisəsində çox hallanırdı.

Romanovski 2018-ci ildəki o qətldə çox canfəşanlıq etmiş, adının “Vaqner”lə hallanması ilə də müxtəlif iddialara səbəbiyyət vermişdi…

“Orxanın intiqamı alınsın”dan daha çox qətlin araşdırılmasını, suçluların tapılmasını arzu edirəm illərdir. Zatən Romanovskinin ölümü də rəsmi olaraq beynindəki şişdən qaynaqlanır deyə bildirildi. Hərçənd ki, bir ay əvvəl onun Donetsk tərəflərdə başından ağır yaralandığı haqda xəbərlər yayılmışdı.

Şübhəsiz ki, çox tanınan bir jurnalist idi Kirill - İraq, Suriya, Donetsk, Luqansk və b. yerlərdən “cəhənnəm reportajları” hazırlayırdı, PKK-nı izləyirdi, kürd terrorçuları ilə əlaqələri vardı.

Çox dil bilirdi, çox şey bilirdi, ətrafı çox genişdi, di gəl ki, həm də çox qaranlıq bir zat idi…

Lənətə gəlsin bütün fitnə-fəsadçılar, bütün terrorist və işğalçılar. Onlara bəddua etmir, qarğış yağdırmıram, “İlahi Ədalət” istəmirəm.

Adicə Ədalət istəyirəm, adicə. Çünki Orxanın qətlinə yanıram, qatillərin adlarının açıqlanmasını istəyirəm ancaq.

Və əminəm ki, az qalıb, Orxan Camalın “sifarişini” verənlərin axırıdır.

Az qalıb…

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”