Dünyanın ən təhlükəli düşərgəsində: “... uşaqların heç bir günahı yoxdur”

Dünyanın ən təhlükəli düşərgəsində:

Analar niyə övladları ilə birlikdə düşərgəni tərk etmək istəmirlər?

Suriyada “İslam Dövləti” (İD və ya İŞİD) döyüşçülərinin ailələri üçün düşərgələrdə həyat həmişə təhlükəsiz deyil, lakin bir çox qadın onları tərk etmək istəmir. Buna görə də anaların razılığı olmadan uşaqların repatriasiyası ideyası getdikcə daha çox müzakirə olunur.

Suriyada İD döyüşçülərinin ailələri üçün düşərgələr uşaqlar üçün heç də ən təhlükəsiz yer deyil. Bu ilin may ayında bu düşərgələrin birində 8 yaşlı uşaq kanalizasiya arxında boğularaq ölüb. Noyabrda 12 və 15 yaşlı iki qızın başqa bir kanalizasiya arxında zorlanaraq, başları kəsilmiş halda tapıldığı bildirilir.

"Dünyanın ən təhlükəli düşərgəsi"

DW-yə müsahibə verən ekstremizm üzrə ekspertlərdən biri Suriyanın şimal-şərqində, İraqla sərhəd yaxınlığında yerləşən əl-Hol düşərgəsində azyaşlı uşaqlara pişik və itlərin başlarını kəsməyi öyrətdiklərini deyib.

Əl-Hol düşərgəsi tez-tez "dünyanın ən təhlükəli düşərgəsi" adlandırılır. Orada 53 mindən çox insan yaşayır. Düşərgə sakinlərinin heç də hamısı İD ideologiyasını dəstəkləmir, lakin onların bir çoxunun bu qruplaşmadan olan yaraqlıların ailə üzvlərindən olduğu məlumdur. İŞİD əvvəllər Suriya və İraqda işğal etdiyi şəhərlərdə məğlub olduqdan sonra, bu qadınlar buraya gəlməyə məcbur olublar.

Düşərgənin sakinlərinin əksəriyyəti İraq və ya Suriyadandır, lakin onlardan başqa Avropa ölkələri, ABŞ və Kanada da daxil olmaqla, burada 10-11 minə yaxın başqa ölkələrin vətəndaşları yaşayır. Onların əksəriyyəti qadın və 12 yaşa qədər uşaqlardır. Humanitar təşkilatların hesablamalarına görə, düşərgə əhalisinin 60-64%-ni məhz uşaqlar təşkil edir.

2022-ci ildə şiddət dalğası

Həddindən artıq izdihamlı düşərgədə yaşayış şəraiti, tibbi xidmətin olmaması, cüzi ərzaq təchizatı və demək olar ki, təhsilin olmaması nəzərə alınaraq, əl-Holda minlərlə uşağın həyatı əvvəllər də çətin olub. Son bir ildə isə bu, daha da çətinləşib. 2021-ci ildə burada 126 qətl və 41 qətlə cəhd hadisəsi qeydə alınıb və bu, əl-Holda vəhşiliyin zirvəsini qeyd edir. Bu arada humanitar təşkilatlar bu ilin daha da pis keçəcəyinə inanırlar.

Bundan əlavə, yaxınlıqdakı Türkiyə son vaxtlar düşərgənin yerləşdiyi əraziyə hava hücumlarını gücləndirib, çünki Ankara orada işləyən keşikçi suriyalı kürdləri özünə düşmən hesab edir. Güman etmək olar ki, az sayda valideyn övladının oxşar vəziyyətdə olmasını istəyər. Lakin əl-Holda bir çox qadın uşaqları üçün şüurlu şəkildə bu yolu seçir.

“Human Rights Watch” təşkilatının noyabr hesabatında qeyd edildiyi kimi, 30-dan çox ölkə, o cümlədən bir neçə Avropa dövləti öz vətəndaşlarını əl-Holdan çıxarıb. “Save the Children” təşkilatının dekabrın sonunda verdiyi press-relizdə 2019-cu ildən bu yana ümumilikdə 1464 qadın və uşağın düşərgəni tərk etdiyi və 2022-ci ildə 2021-ci ilə nisbətən 60% artım olduğu bildirilib.

Lakin ölkələrinin hökumətləri tərəfindən müraciət edilən bir sıra qadınlar vətənə qayıtmaq təklifini rədd ediblər. Almaniya Xarici İşlər Nazirliyindən DW-yə verilən məlumata görə, Almaniyaya qayıtmaq istəyən sonuncu qadın noyabr ayında dörd uşağı ilə buraya gəlib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında deyib: "Biz güman edirik ki, kiçik, ikirəqəmli sayda alman ana və uşaq hələ də Roj və əl-Hol düşərgələrindədir. Ancaq bildiyimizə görə, qalan qadınlar Almaniyaya qayıtmaq istəmir”.

Niyə yaraqlıların qohumları qaçqın düşərgələrini tərk etmək istəmirlər?

Eyni şey başqa ölkələrdən olan qadınlara da aiddir. İnsan Haqları İzləmə Təşkilatının (HRW) uşaq müdafiəsi direktoru Co Bekker deyir ki, evə getmək istəməyən analar müxtəlif səbəblərə görə bu qərarı veriblər: "Onların bəziləri qeyri-müsəlman ölkədə yaşamaq istəmir və ya ayrı-seçkilikdən və ya təqiblərdən qorxurlar. Digər hallarda isə bu qadınların ərləri həbsdədir və onlar azadlığa çıxmalarını gözləyirlər və ya ərləri olmadan qərar qəbul etmək istəmirlər. Lakin bu arqumentlər mütləq onların uşaqlarının mənafeyini əks etdirmir”.

Uşaqların repatriasiyası və onların analarından ayrılması ilə bağlı müzakirələr

Bu vəziyyətdə bəzi ekspertlər, uşaqların vətəndaşı olduğu dövlətlərin, əgər belə qərara gəlsələr, analarını orada qoyaraq, onları Əl-Hol düşərgəsindən çıxarmağa icazə verilməli olduğunu təklif ediblər. ABŞ-da yerləşən Zorakı Ekstremizmin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICSVE) direktoru Ann Spekxard deyir ki, uşağın ailəsi ilə birlikdə olması adətən ən yaxşı seçimdir.

“Ancaq biz evdə təqiblərdən qorxduqları və ya İŞİD-in onları nəhayət çıxaracağına inandıqları üçün düşərgədə qalan İD ailə üzvlərindən danışırıqsa, hər şey fərqli ola bilər. Bilsəniz ki, uşağa, deyək ki, yeddi yaşında, anası qəddarlıq edir - ona narkotik verir və ya məsələn, onu İŞİD-ın təbliğat  filmlərinə baxmağa məcbur edir, bu zaman dövlət müdaxilə edib bu uşağı evdən götürməyə borclu deyilmi?", - deyə Spekxard bildirir.

O, qeyd edir ki, uşaqlar adətən uzun müddətə valideynləri ilə birlikdə həbsxanaya göndərilmir: "Biz qanuni olaraq onları (əl-Hol və Roj. - Red.) düşərgələr adlandırsaq da, əslində onlar həbsxanalardır".

Uşaqların radikallaşması təhlükəsi

Keçmiş ABŞ və BMT diplomatı və İraqın kürd siyasətçilərinin müşaviri Peter Qelbreyt bu ilin əvvəlində “The New York Times” qəzetində yazdığı məqalədə eyni arqumentlə çıxış edib. O deyir ki, əksər analar övladlarından ayrılmaq istəmirlər: “Bu, əlbəttə, uşaqlar üçün də qəddar və ağrılı olardı. Amma mən hesab edirəm ki, uşağı ömürlük həbs cəzasına məhkum etmək daha qəddardır, çünki onun valideyni terror təşkilatına qoşulmaq üçün Suriyaya getməyə qərar verib".

Digər ekspertlər kimi o da düşərgədə uşaqların radikallaşması təhlükəsindən danışır. 2021-ci ildə İŞİD-ə qarşı mübarizəyə dair brifinq zamanı BMT Təhlükəsizlik Şurası əl-Holda “çoxlu sayda radikallaşma, pul toplama, təlim və təhrik hadisələrini” qeyd edib.

Qelbreyt anaları qaçqın düşərgələrindən evlərinə qayıtmaq istəməyən və ya geri dönə bilməyən uşaqların Suriya kürdlərinin idarə etdiyi xüsusi uşaq kəndlərinə aparıla biləcəyini təklif edir. O, əlavə edir ki, bir çox uşaqların evdə onlara baxa biləcək qohumları var. Belə bir sxemlə onları Suriyadan çıxarmaq daha asan olacaq.

Uşaqlar üçün həll

Bu sahədə çalışan humanitar təşkilatların, o cümlədən Sərhədsiz Həkimlər, “Save the Children” və HRW-nin hesabatları uşaq üçün fəaliyyət göstərməyin vacibliyini və əl-Hol düşərgəsindəki dəhşətli şəraiti vurğulayır. Amma bu təşkilatların heç biri birbaşa uşaqları və valideynləri ayırmağı təklif etmir.

Suriya və İraqda işləyən QHT əməkdaşı DW-yə izah edir ki, bu, gələcəkdə daha da aktuallaşacaq mürəkkəb məsələdir: “İşəgötürənin adından danışmaq səlahiyyəti olmadığı üçün qeyri-rəsmi danışır. Əvvəlcə nisbətən asan işlərə baxılacaq. Prosesdə potensial repatriasiya qrupu azalacaq, işlər isə çətinləşəcək".

BMT-nin Uşaq Hüquqları Konvensiyasının 9-cu maddəsində deyilir ki, “səlahiyyətli orqanlar belə ayrılmanın uşaqların maraqlarını qorumaq üçün zəruri olduğunu müəyyən etmədikcə, uşaq valideynlərindən onların iradəsinə zidd olaraq ayrıla bilməz”.

Prosesin şəffaflığının önəmi

HRW-nin əməkdaşı Co Bekkerin sözlərinə görə, əgər uşaqların valideynləri olmadan evə göndərilməsinə qərar verilərsə, konkret proses hazırlanmalı və izlənilməli və hər bir hal fərdi əsasda nəzərdən keçirilməlidir.

Belə bir prosesə mütləq ana ilə onun seçimləri, öz ölkəsində cinayət təqibinə məruz qalma ehtimalı və bu cür təqibin mümkün nəticələri barədə məsləhətləşmələr daxildir. Bundan əlavə, hansı ailə üzvlərini aydınlaşdırmaq lazım gələcək

“Nisbətən böyük uşaqlar da istəklərini söyləyə bilməlidirlər. Məmurların ailələri mütəmadi olaraq yoxlamaları da eyni dərəcədə vacibdir, çünki uşaqlar böyüdükcə və ya düşərgə şəraiti dəyişdikcə, situasiya da dəyişə bilər. Əlbəttə, bütün bunlar kifayət qədər vaxt aparan prosesdir", - deyir Bekker.

Dekabrın sonlarında əl-Holu ziyarət edən “Save the Children” təşkilatının kommunikasiya üzrə direktoru Okke Bowman deyir ki, uşaqların anaları olmadan əl-Holdan ayrılmasına icazə verən bəzi prosedurlar olsa belə, "düşərgədəki şəraitə görə hər hansı bir prosesin düzgün şəkildə izlənilməsini təmin etmək çox çətin olacaq".

Co Bekker əmindir: "Nə olursa olsun, uşağın heç bir günahı yoxdur və o, valideynlərinin cinayətlərinin əvəzini ödəməməlidir. Eyni zamanda, biz əminik ki, cinayət törətmiş valideynlər öz cəzalarını çəkməlidir. Bu iki şey bir-birini istisna etmir”.

(DW)