Avropada İran etirazlarına dəstək: insanlar küçələrə axışırlar

Avropada İran etirazlarına dəstək: insanlar küçələrə axışırlar

“İrandakı bacı və qardaşlarımız diktaturaya qarşı mübarizə aparırlar”

Avropa ölkələrində yaşayan iranlılar soydaşları ilə həmrəylik nümayiş etdirmək üçün küçələrə çıxırlar. Onlar İranda etirazların yatırılmasından hiddətləniblər.

Etirazlar əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayıb. Parisdə nümayişçilər İranın ali lideri əleyhinə şüarlar səsləndiriblər.

Mahbube Moradi (fəal, Fransa): “Bu gün söhbət təkcə Məhsadan deyil, İslam Respublikasına 43 illik nifrətimizi dünyaya göstərməkdən gedir. Ona görə də bu gün buradayıq. İranda gördüklərimiz, belə güclü nümayişlər, belə desək, davam edən inqilabın sübutudur”.

İsveçin paytaxtı Stokholmda iki yüzə yaxın nümayişçi parlament binası yaxınlığında toplaşıb. İsveçdə mühəndislik təhsili alan Röya nümayişə niyə getdiyini açıqlayır: “İsveçdə və başqa yerlərdə şüarlar səsləndirib, siyasətçilərlə əlaqə saxlamağa çalışırıq. Burada edə biləcəyimiz yeganə şey budur. Onsuz da İranda olan bacı və qardaşlarımın yanında ola bilməyəcəyim üçün çox kədərlənirəm. Doqquz gündən çoxdur ki, onlar diktaturaya müqavimət göstərə və mübarizəni davam etdirə bilirlər”.

22 yaşlı Məhsa Əmininin ölümü sentyabrın 16-da məlum olub. Qız Tehranda həbs edilib, çünki əxlaq polisi onun dini çadranı düzgün bağlamadığı qənaətinə gəlib.

Səlahiyyətlilər Əmininin infarktdan öldüyünü iddia edirlər. Yaxınları isə qızın döyülərək öldürüldüyü qənaətindədirlər.

Qeyd edək ki, İranda qadınlara qarşı zülm əleyhinə keçirilən etiraz aksiyaları zamanı 35-dən çox insan öldürülüb, yüzlərlə insan həbs edilib.

(Euronews)