Dünyanın üzləşəcəyi 5 əsas problem
2023-cü il qlobal toqquşmalar ili olaraq proqnozlaşdırılır
ABŞ 2023-cü il üçün hərbi büdcəsini artırıb. Vaşinqton bu il ərzində Rusiya ilə savaşı davam etdirən Ukraynaya maliyyə və hərbi dəstəyini bir neçə dəfə artıracaq. Vaşintonda beynəlxalq aləmdə başqa problemlərin yaranacağı barədə də müxtəlif proqnozlar səslənir və yazılır.
ABŞ-ın məşhur “The Hill” nəşrində yayımlanan məqalədə 2023-cü ildə Rusiya və Çinlə münasibətlərdəki gərginliyin bir neçə dəfə artacağı, hətta toqquşma həddinə yaxınlaşacağı proqnozlaşdırılıb. Məqalənin müəllifi Pol Starsın fikrincə, ABŞ bu il Rusiya və Çinlə hərbi qarşıdurma ilə üzləşə bilər. Onun sözlərinə görə, vəziyyət o qədər gərginləşə bilər ki, Amerikanın eyni zamanda həm Rusiya, həm də Çinlə toqquşma ehtimalı var.
Pol Starsın analizində ABŞ-ın il ərzində üzləşə biləcəyi 5 təhlükə bu şəkildə sıralanıb. Birincisi, Koreya yarımadasında vəziyyət gərgiləşəcək. İkincisi, İsraillə İran arasında toqquşma ehtimalı artacaq. Üçüncüsü, Hindistanla Pakistan arasında müharibə başlaya bilər. Dördüncüsü, Çinlə Hindistan arasındakı sərhəddə yeni gərginlik olacaq. Beşincisi, Tayvan adası ətrafında gərginlik növbəti mərhələyə daxil olacaq. Analitik məqalədə nüvə silahının yayılmasının və iqlim dəiyşikliyinin də Amerika üçün ciddi təhdid olduğu yazılıb.
“Daily Mail” nəşrində yayımlanan digər məqalədə Amerikada 2023-cü ildə inflyasiyanın və artan qiymətlərin də Vaşinqtona ciddi problemlər yaradacağı bildirilib. Keçirilən sorğular da göstərir ki, 10 amerikalıdan 8-i 2023-cü ildə qiymət artımı, büdcə kəsiri və vergi artımı ilə üzləşəcəyini proqnozlaşdırıb. Bundan başqa pandemiya yenidən qayıdıb, Çində və Amerikada yeni virus növləri aşkarlanıb. Bununla da 2023-cü ildə mübarizə aparılmalıdır.
Beləliklə, 2023-cü ilin Amerika üçün ağır olacağı barədə proqnozların sayı artıb. Ancaq sadalanan problemlər yalnız Amerika üçün deyil, müxtəlif müharibə ehtimalları bölgə ölkələri üçün də ciddi təhdiddir. Misal üçün İranın nüvə silahı əldə etməsi və ya İsraillə toqquşma ehtimalı Avrasiya bölgəsini qarışdıracaq. Və ya iki nüvə dövləti olan Hindistanla Pakistan arasındakı qarşıdurma yalnız Amerikanın problemi olmayacaq.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”