“Qara hökmranlığın” ildönümü və: “əgər atam sağ olsaydı...”
Əhməd Məsud: “Son bir ildə “Taliban üzvləri ilə bir sıra görüşlər keçirdim, amma...”
Qlobal Dialoq proqramı Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudu “Taliban”ın hakimiyyəti ələ keçirməsinin birinci ildönümündən az sonra çıxış etməyə dəvət edib. Ölkənin azadlığı və suverenliyi uğrunda mübariz olan o, 80-ci illərdə sovet işğalına qarşı vuruşmuş, “Taliban”a qarşı çıxan səhra komandiri Əhməd Şah Məsudun oğludur.
Kiçik Məsud mediaya nadir hallarda danışır. Bu müsahibədə o, vətəninin gələcəyini nə gözlədiyindən və niyə məhz indi Əfqanıstanda yeni hökumət məsələsi ilə məşğul olmaq lazım olduğundan danışıb.
Sülh yoluna keçidə ümid edirik
Euronews: "İndi, iyirmi illik xarici hərbi mövcudluqdan sonra, ölkəniz böyük bir təlatümdən keçir - bu gün Əfqanıstan yenidən “Taliban”ın əlindədir. O, sizin də həyatınızı dəyişdi - vətəniniz Pəncşir əyaləti rəsmi olaraq alındı. 15 avqust 2021-ci ili xatırlayırsınızmı? O gün nə edirdiz?"
Əhməd Məsud: "Mən Kabildə idim, son dəqiqələrə kimi orada qaldım. Bütün ehtimallara baxmayaraq, sülh yolu ilə keçidin hələ də baş verəcəyinə ümid bəsləyən bir çox digər insanlar kimi. Biz Əfqanıstanda sülh və dialoq üçün şərait yarada biləcək müvəqqəti hökumətin, sonra isə, ola bilsin ki, yeni seçkilər üçün “Taliban”ın da iştirak edə biləcəyi başqa bir hökumətin qurulacağı bir vəziyyətə rahat keçid haqqında düşünürdük. Amma çox təəssüf ki, hakimiyyətin dağılması, yanlış hesablamalar, “Taliban”ın sülh və dialoq yolu ilə getməmək qərarı, güc yoluna arxalanaraq vaxt itkisi - hamısı birlikdə bu fəlakətə gətirib çıxardı”.
Euronews: "Siz “Taliban”la danışıqlar aparmağa cəhd etmisiniz (əvvəllər atanızın etdiyi kimi), hətta sizdən onların hökumətinə qoşulmağınız xahiş olunub. Bu barədə bizə ətraflı məlumat verin!"
Əhməd Məsud: "Pəncşir vadisinə gedəndə mənə məlum oldu ki, “Taliban” hər yerdə Əşrəf Qəninin sülh istəmədiyi fikrini yayır. Onlar bunu bizim də bir parçası olduğumuz Qəniyə müxalif olanlara da deyiblər. Mən Qəni idarəçiliyi ilə razı deyildim. Əşrəf Qəninin ölkəni idarə etməsinin tamamilə uğursuzluqla bitəcəyini bilirdim. Düşündüm ki, bəlkə, sülh danışıqları Qəniyə görə getmir? Bunun öz xalqımızı təmsil etməyə başlamaq üçün bir fürsət olduğuna qərar verdik. Və mən dialoq, danışıqlar və müzakirələr yoluna qədəm qoydum. Biz bu istiqamətdə müəyyən səylər göstərmişik. Fikirləşdim: “Taliban” şəriətdən, İslamdan, dindən danışır, bəlkə, onlarla söhbətdə əfqan mütəfəkkirləri yaxşı diplomat, vasitəçi ola bilərlər. Mən də onlara müraciət etdim, onlar əllərindən gələni etdilər, amma təəssüf ki, “Taliban” onlara qulaq asmadı. Və mən şübhə etməyə başladım: bəlkə” bu vasitəçilər kifayət qədər diplomatik deyildilər? Daha sonra “Taliban”a siyasi nümayəndə heyəti göndərildi. Hər şey boşa çıxdı. Onlarla danışmaqdan imtina etdilər. Sonra fikirləşdim ki, özüm hərəkət etməliyəm. Mən zorakılığı dayandırmaq və sülhə nail olmaq üçün bir yol tapmaq ümidi ilə “Taliban”ın müxtəlif üzvləri ilə danışmışam.
Euronews: "Kimlə danışdınız?"
Əhməd Məsud: "Mən cənab Müttəqi ilə, Şahabuddin Delaverlə, cənab Xiasla, Ənəs Hakkani ilə, Xəlil Haqqani ilə danışdım... Mən dəqiq bilirəm: “Taliban” daxilində fikir ayrılıqları var. Və bir qrupla danışanda başqaları mənə dedilər: "Yox, bizim günahımız deyil, günahkar onlardır". Sonra başqaları ilə danışdım və yenə eşitdim: "Yox, biz döyüşmürük!" Təəssüf ki, bu ikiüzlülük onlarda həmişə var idi”.
Dəstəksiz müqavimət
Euronews: “Kabilin süqutundan bir neçə gün sonra siz Pəncşirdən “Vaşinqton Post”a müsahibə verdiniz: “Mən atamın yolunu getməyə hazıram. Mücahid döyüşçüləri yenidən “Taliban”la üz-üzə gəlməyə hazırdırlar, atamın vaxtından tikdiyimiz sursat və silah anbarlarımız var". O vədin, o mücadilənin sonu nə oldu? Bu gün müqavimət haradadır?"
Əhməd Məsud: "Əslində, “Taliban” müqavimətin uğurlarını daim inkar edir. Biz isə onların bəzilərini ələ keçirib helikopterlərini vurmağa müvəffəq olduq, Hindquşda sərt qışlardan sağ çıxa bildik və kənardan kömək almadan öhdəsindən gələ bildik".
Euronews: “Köməksiz öhdəsindən gəlmək sizin seçiminizdir, yoxsa dünya ictimaiyyəti sizin çağırışlarınıza maraq göstərmir?”
Əhməd Məsud: "Heç bir ağlı başında olan insan deməz ki, "yox, bizə heç nə lazım deyil". Təbii ki, bizim dəstəyə ehtiyacımız var, köməyə ehtiyacımız var. Mən qəti əminəm ki, kollektiv komanda formalaşmalıdır, beynəlxalq ictimaiyyət lazımdır. hazırkı vəziyyətdən qane olmayan əfqan elitası ilə birləşmək və ona görə də ölkə üçün çıxış yolu tapmaq lazımdır”.
Euronews: "Birləşmiş Ştatlar sonsuz müharibəsini bitirdiyini söylədi, amma əslində, terrora qarşı müharibə hələ bitməyib. Biz regionda baş verənləri gördük. Siz “Taliban”ın geri qayıtması təhlükəsi barədə xəbərdarlıq etdiniz, siz "Əl-Qaidə"nin Əfqanıstanda fəaliyyət göstərdiyini və ola bilsin ki, “Taliban”ın orada başqa qruplara sığınacaq verdiyini dediniz. Niyə dünya buna reaksiya vermir? Niyə heç kim heç nə etmir?"
Əhmə Məsud: "Düşünürəm ki, iki səbəb var: Birincisi, dünya 2001-ci ildəkindən dəyişib. Bu gün biz elə bir cəmiyyətdə yaşayırıq ki, milli maraqlar 2001-ci ildə çox aktual olan qlobal maraqlardan qat-qat üstündür. İnsanlar o zaman uzunmüddətli perspektiv haqqında düşünürdülər, qısamüddətli deyil. İkinci Dünya müharibəsindən sonrakı dövrə daha yaxın olan nəsil azadlıq və demokratiya uğrunda mübarizənin əhəmiyyətini xatırladı və anladı. İnsanlar bu dəyərləri təbii qəbul etmədilər, nə qədər qan töküldüyünü, necə azadlıq uğrunda çoxlu qurbanlar verildiyini bilirdilər. Məhz buna görədir ki, dünya Sovet işğalı zamanı əfqan xalqını dəstəkləyib, terrorla mübarizədə ona dəstək olub. Son 20 ildə nəsillərin dəyişməsi ilə, xüsusən də, Avropada çox şey dəyişdi: insanlar hər şeyi təbii qəbul etməyə başladılar. Həyat, demokratiya, azadlıq... Şərə qalib gəlmək üçün verilən fədakarlıqları unutduq. Uzun illər Avropada yaşadıqdan sonra vəziyyəti belə görürəm! Əfqanıstanda baş verənlərə marağın olmamasının ikinci səbəbi orada gedən 20 illik müharibədir. Bu müddət ərzində dünya ictimaiyyəti nəyəsə kömək etmək üçün hər cür səy göstərdi, lakin uğursuz oldu. İndi isə hamı elə bilir ki, ümid yoxdur. Əfqanıstanı hələ də xilas etmək olar, amma vaxt daralır”.
Əfqanıstan üçün resept
Euronews: "Əfqanıstanı necə xilas etmək olar? Bunun üçün nə lazımdır?"
Əhməd Məsud: "Hesab edirəm ki, dünya “Taliban”a və onların tələblərinə qətiyyətlə qarşı çıxmalıdır. Beynəlxalq birlik kollektiv bir qurum olaraq Əfqanıstanla - bütün qrupları, partiyaları, icmaları ilə danışıqlar aparmalıdır. Yalnız və yalnız bu şəkildə! “Taliban”la danışıqlar aparan ayrı-ayrı ölkələr formatdında deyil! İdeya Əfqanıstan üçün effektiv həll yolu tapmaqdır. Siyasi qərar verilməli, legitim hökumətin qurulmasına yol açacaq bir proses başlamaq lazımdır. Bunu niyə indi etmək olar? Birincisi, “Taliban” bir il hakimiyyətdə olduqdan sonra göstərdi ki, onlar ölkəni idarə etmək iqtidarında deyillər. İkincisi, insanlar hər şeyin real vəziyyətini görürdülər. Başlanğıcda çoxları ümidlərini onlara bağlamışdılar, hətta onları “Taliban 2.0”, “mötədil Taliban” adlandırırdılar. Amma həyat göstərdi ki, bütün bunlar doğru deyil, onlar əvvəlki kimidir. Üçüncüsü, “Taliban”ın özündə daxili parçalanmalar var, mövcud vəziyyətdən narazı olan qruplar var, lakin onlar azlıq təşkil edir. Və nəhayət, ABŞ və beynəlxalq qüvvələrin Əfqanıstanda olmasının əleyhinə olan və bu səbəbdən “Taliban”a dəstək verən bəzi ölkələr artıq bunu etmir. Beləliklə, uğur qazanmaq şansı var.
Xatırladım ki, atam 2001-ci ildə Fransaya gələrək, hamını o vaxtkı Əfqanıstan hökumətini dəstəkləməyə, beynəlxalq qüvvələrin ölkəyə yeridilməsi olmadan terrora qarşı mübarizə aparmağa çağırmışdı. O bilirdi ki, əcnəbilərin olması ölkəni döyüş meydanına çevirəcək. Bir-birini bəyənməyən bir çox supergüclər öz oyunlarını oynayır və öz planları var. Belə ölkələrdən biri bölgəyə gələndə digəri bunun qarşısını almaq üçün əlindən gələni edəcək. İndi Əfqanıstanda beynəlxalq qüvvələrin mövcudluğu sıfıra endirilib, dəyişiklik üçün birgə işləmək imkanı var. Gənclər, xüsusən də qadınlar onları çox istəyirlər. Biz qalib gələcəyik, lakin çox gec olmadan dünyanın diqqətinə və dəstəyinə indi ehtiyacımız var”.
11 sentyabrsız dünya
Euronews: "Əfqanıstanın Qərblə paylaşdığını dediyiniz dəyərlər uğrunda mübarizənin simvolu olaraq qalan atanızı xatırladınız. Atanız bu gün sağ olsaydı, hər şey başqa cür olardı?"
Əhməd Məsud: "Əlbəttə! Öz bacarığı, təcrübəsi, qanuni sərkərdəlik mövqeyi ilə! Üstəlik, atam əsl hərbi dahi idi! Ömrünün son mərhələsində müxtəlif görüşlərdə “Taliban”la mübarizədən danışarkən, media ilə söhbət edərkən, Avropaya səfəri zamanı o, “Taliban”a hərbi yolla qalib gəlmək imkanının olmadığını demişdi. Ömrünün son ilində dəqiq bilirdi ki, onları hərbi üsullarla məğlub etmək olmaz. Məhz buna görə də onun Avropaya səfəri yeni mərhələnin, yeni dövrün, bu gün mənim təklif etdiyim proses kimi, bütün tərəflərin Əfqanıstanda yeni hökuməti formalaşdırmaq üçün bir araya gəldiyi yeni prosesin müzakirəsinə həsr olunmuşdu. O, öz idarəçiliyini orada tətbiq etmək üçün Kabilə hücum etmək istəmirdi. O, bunun əleyhinə idi. O, bütün əfqan diasporunun, nəhayət hamının qəbul edəcəyi hökumətin formalaşdırılması prosesinə başlamağa hazırlaşmasını gözləyirdi. O bunu etdi. Amma “Taliban”, “Əl-Qaidə”, digər qruplar bilirdi ki, o, yerində olduğu müddətcə öz yollarını tapa bilməyəcəklər. “Əl-Qaidə” onun sağlığında Qərbə zərər verə bilməyəcəklərini başa düşdü. Ona görə də onu məhv etdilər və əkiz qüllələrə hücum etdilər. Əgər atama sui-qəsd olmasaydı, sentyabrın 11-də faciə baş verməzdi, bu gün də bu vəziyyətə düşməzdik”.
Poeziya və sakitlik aurası
Euronews: “Əhməd Şah Məsud necə ata idi, onun haqqında nə xatırlayırsınız?”
Əhməd Məsud: "Onun mehribanlığı yadımdadır… O, çox sərt müəllim idi, mənə sənət, şeir, ədəbiyyat öyrədirdi, fars ədəbiyyatını, sufi poeziyasını sevirdi. Çox güclü insan idi. Elə xarizması, elə aurası var idi ki… Onun yanında siz həmişə sakitlik hiss edirdiniz: "Mənə heç nə olmayacaq, çünki o buradadır". Yadımdadır, son dərəcə çətin bir dövr idi, taliblər Pəncşiri əhatəyə almışdılar, amma Pəncşir sakinləri xoşbəxt idilər, gülümsəyəyirdilər. Niyəsini soruşdum. “O buradadır. Hər şeyi həll edəcək. Əgər rusları məğlub edə bilibsə, o zaman bu vəziyyətin də öhdəsindən gələ bilər” dedilər. Bəli, o, belə idi - ümid çırağı, sevgi çırağı. Atam mülayim və çox ağıllı insan idi”.
Euronews: "Atanızı itirəndə 12 yaşınız var idi, bütün ailə çox əziyyət çəkdi. Həyatınız həmyaşıdlarınızdan çox fərqlidir. Niyə bu işi davam etdirirsiniz? Bunun uğrunda mübarizə aparmağa dəyərmi?"
Əhməd Məsud: "Əfqanıstan mənim vətənimdir və mənim üçün bu, nemətdir. Biri deyəcək ki, bu, lənətdir, amma mənim üçün orada doğulmaq, ölməkdən qorxmadığım bir xalqın bir hissəsi olmaq bir rəhmət, əsl nemətdir”.
(Euronews)