Türkiyədə rusiyalı turistlərə ehtiyac: di gəl, “əmma”sı da var

Türkiyədə rusiyalı turistlərə ehtiyac:

“Ruslar restorana gəlir, kartla ödəmək istəyirlər, amma terminallarımız onları qəbul etmir”

Türkiyədə turizm pandemiya zamanı nəzərəçarpacaq və ağrılı tənəzzüldən sonra bərpa olunur. İstanbulda Boğaziçi sahilində balıq restoranının sahibi Niko Valdesin əsas gəlir mənbəyi xarici qonaqlardır. Amma bu dəfə o, bir neçə başqa mürəkkəbliklə də məşğul olmalıdır.

“Kredit kartları ilə bağlı böyük problemimiz var. Ruslar restorana gəlir, kartla ödəmək istəyirlər, amma terminallarımız onları qəbul etmir. Hamı əsəbləşir - mən də, müştərilərim də”, - deyir Valdes.

Turizm üzrə ekspert Kristina Yovanovskinin sözlərinə görə, rusiyalı turistlər Türkiyəyə gəlməyə davam edərkən, Avropa İttifaqı (Aİ) onlar üçün qaydaları sərtləşdirir: “Bu, Ukrayna hökumətinin Aİ və G7 ölkələrinə girişini qadağan etməyə çağırmasından sonra baş verib”.

Ukrayna Xarici İşlər Nazirliyi məsələyə şərh verməyib. Türkiyə müharibədə özünəməxsus rol oynayıb - Ukraynaya pilotsuz təyyarələr verməklə Rusiya ilə də münasibətləri, xüsusən də maliyyə münasibətlərini saxlayır.

Rusiyalı milyarder Dmitri Kamenşçikə məxsus olduğu güman edilən yaxta Türkiyənin məşhur cənub sahilində dayanıb. Bu, Qərbin Rusiyaya qarşı sanksiyalarının tətbiqindən sonra Türkiyədə yanalma yerləri tapdığı bildirilən rus oliqarxlarının bir neçə yaxtasından biridir.

Avqust ayında ABŞ xəbərdarlıq etmişdi ki, türk şirkətləri sanksiyaya məruz qalan ruslarla işləsə, onlara qarşı cəza sanksiyaları riski var. Ankara sanksiyalara zidd olmamaqla yanaşı, qonşuları ilə ticarəti inkişaf etdirəcəyini bildirərək bu qorxuları dağıtdı.

Türkiyənin cəlb edə biləcəyi istənilən biznes onun dağılmış iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir, ölkədə inflyasiya səviyyəsi hazırda 80%-i keçib.

Bu, Türkiyə Prezidentinin populyarlığına ciddi təzyiq göstərir. Sorğulara görə, gələn il keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğan ikinci turda hər hansı rəqibinə uduzacaq.

İqtisadçı Can Selçuki hesab edir ki, turizm gəlirləri bu mövsüm xüsusilə önəmlidir, çünki Ərdoğan indiyədək ən çətin seçkilər qarşısındadır: “Türkiyənin mövcud makroiqtisadi vəziyyətini və təcili valyuta mübadiləsinə ehtiyacını nəzərə alaraq deyərdim ki, rusiyalı turistlər çox önəmlidir”.

Rəsmi rəqəmlərə görə, ilk 7 ayda təxminən 2,2 milyon ziyarətçi ilə Rusiya bu il Türkiyənin əsas turizm sektoru üçün ikinci ən böyük mənbəyə çevrilib.

(Euronews)