Alman tankları yenidən Ukraynada
Amma bu dəfə xeyirxah məqsədlə...
Polşanın qərarı ilə Ukraynaya "Leopard" tanklarının verilməsinin yolu açılmış oldu. Bu tanka sahib olan Finlandiya, İspaniya kimi ölkələrin də prosesə töhfə verəcəkləri gözlənilir. Ukraynanı alman tankları ilə təchiz edəcək bu koalisiyanın lideri isə təbii ki, istehsalçı ölkənin özü - Almaniya olmalıdır.
Proses yalnız Almaniya hökumətinin qərarı və koordinasiyası ilə baş tuta bilər. Ondan icazəsiz hər hansı ölkə alman texnologiyasını başqa bir ölkəyə verə bilməz. Ukrayna ordusunun lazımi sayda "Leopard" və ehtiyat hissələri ilə təchiz olunmasında əsas rolu məhz Almaniya oynamalıdır. Bu barədə yanvarın 20-də növbəti "Ramştayn toplantısı"nda müvafiq qərarın veriləcəyi ehtimal edilir.
Öz növbəsində Böyük Britaniyanın Ukraynaya "Challenger 2" tankları göndərəcəyi gözlənilir.
Bu arada, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna əməliyyatının komandanı təyin edilib. Bu təyinat bir daha onun göstəricisidir ki, Putin həm özünün şəxsi taleyinin, həm də Rusiyanın qlobal geosiyasətdə böyük dövlət kimi qalıb-qalmayacağı məsələsinin Ukraynada həll olunduğunu yaxşı anlayır.
Hərbi əməliyyatlara görə məsuliyyət bilavasitə 1 saylı hərbçinin üzərinə qoyulur. Amma Gerasimov Baş Qərargah rəisi olaraq indiyədək əməliyyatların planlaşdırılması və icrasında onsuz da əsas rol oynayan səlahiyyətli şəxslərdən biri idi. Yeni vəzifənin bu baxımdan hansı keyfiyyət dəyişikliklərinə səbəb olacağı aydın deyil.
İstənilən halda, məlum olan budur ki, 2023-cü ildə müharibə daha da şiddətlənəcək. Ukraynanın bu il 1991-ci il sərhədlərinə çıxıb-çıxmayacağını deyə bilmərəm, amma növbəti böyük hərbi uğurlarına şahid olacağımıza şübhəm yoxdur.
Müəllif: Şahin Cəfərli (politoloq)
Mənbə: “Facebook”