Avropa yeni mübarizəyə qoşulur – Bu dəfə uzaq qitədə
İttifaq vəziyyətin dəyişməsində özünün passivliyini etiraf edib
Avropa İttifaqı 2023-cü ildə Latın Amerikası qitəsində fəallığını artırmağa qərar verib. Bu barədə təşkilatın hazırladığı sənəddə vurğulanıb. Hazırda Brüsselin Cənubi Amerikada mövqeləri zəifdir.
Brüsselin uzaq qitədə fəallığının artırmasının səbəbi nədir?
Rusiya və Çin müxtəlif istiqamətlərdə olduğu kimi Cənubi Amerikada da fəaldır. Pekin Cənubi Amerikada iqtisadi layihələrini artırıb, Moskva isə ideoloji istiqamətdə fəaldır. Misal üçün, Cənubi Amerika ölkələrinin bir qismi Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə və Çinin Tayvanla bağlı planlarına səssiz qalıb, mövqe bildirmir. Bunun özü Brüsseli narahat edir.
Brüssel Cənubi Amerika ilə bağlı hazırladığı sənədi Avropa İttifaqına üzv olan dövlətlərin paytaxtlarına göndərib. Sənəddə açıq qeyd edilib ki, Avropa İttifaqı Rusiya və Çinin Latın Amerikasında fəallığından narahatdır və bu fəallıq təşkilatın bu qitədə mövqelərinin zəfilədilməsinə xidmət edir.
Halbuki, Latın Amerikası illər uzunu Qərblə daha sıx əməkdaşlıq edib. Pekin və Moskva durumu dəyişib. Avropa İttifaqı vəziyyətin dəyişməsində özünün passivliyini etiraf edib. Brüssel son illər Latın Amerikasını unudaraq əsas diqqəti Ukraynaya, Suriyaya və Liviyaya yönəldib. Səhvindən nəticə çıxaran Brüssel yenidən Latın Amerikasına qayıtmağın vacibliyini vurğulayıb. Ancaq bu, asan olmayacaq.
Pekin 2000-2006-cı illər arasında Latın Amerikası ölkələrinə investisiyanın həcmini 26 (?!) dəfə artırıb. Bunun sayəsində Çin Latın Amerikasının əsas ticarət tərəfdaşına çevrilib. Latın Amerikasının 33 ölkəsindən 21-i Pekinin “Bir kəmər - Bir yol” layihəsinə qoşulub. Latın Amerikası ölkələrinin liderləri Çinlə əməkdaşlığa maraq göstərirlər.
Brüssel 2027-ci ilə qədər Latın Amerikası ölkələrinə 3.4 milyard avro yatırmağı planlaşdırır. Bundan başqa Brüssel Latın Amerikası ölkələri ilə müxtəlif ortaq layihələri reallaşdırmaq və konfranslar keçirmək istəyir.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”