Unudulmuşların çarəsizliyi: “Dünya İran qadınlarını görür, bizi yox” – FOTOLAR

Unudulmuşların çarəsizliyi: “Dünya İran qadınlarını görür, bizi yox” –

İyirmi birinci yüzildə orta əsr qadağaları, cana doymuş əhali və dünyadan imdad gözləntisi

Uşaqların şövqlü qışqırıqları Kabilin mərkəzindəki əyləncə parkında mənzərə çarxı, avtodrom və kiçik “Amerika təpələri” sürərkən əks-səda verir. Ataları onlarla attraksionda oturur və ya onların minib şəkil çəkdirməsinə baxır – bunlar acı xəbərlərin ən çox gəldiyi Əfqanıstanda nadir sevinc anlarıdır.

Amma indi analar uşaqların sevincini, onların xoşbəxt xatirələrini bölüşə bilmirlər. Ölkədə hakim Taliban hərəkatının sərt qadağaları səbəbindən artıq qadınların Kabildə parklara getməsinə icazə verilmir.

Biz parkda olanda onlarla “talib” attraksionlardan həzz alırdı. Biz də daxil olmaqla, qadınların gedə biləcəyi ən yaxın yer parka baxan restorandır. Son zamanlar paytaxtda qadınların hovuz və idman zallarına da girişi qadağan edilib. Bu qaydaların bütün ölkəyə şamil ediləcəyi gözlənilir.

Taliban yeni məhdudiyyətlər tətbiq etdikcə, əfqan qadınları və qızları bundan sonra nə baş verə biləcəyindən narahatdırlar. Bəziləri deyirlər ki, bu tədbirlər ölkənin əksər hissəsinə təsir etmir, çünki indi əksər insanlar üçün axşam saatlarında küçəyə çıxmaq onların özlərinə rəva görə bilmədikləri bir lüksdür.

Bununla belə, bir çox əfqan qızlar üçün nəticələrin miqyası deyil, 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirmiş Taliban hərəkatının niyyətləri haqqında danışan bu məhdudiyyətlərin simvolizmi əsasdır.

"Biz Əfqanıstandakı qızlar hər gün yeni məhdudiyyətlərlə oyanırıq. Sanki oturub onları gözləyirik", - deyir bir tələbə (təhlükəsizlik məqsədilə onun adını çəkmirik).

"Taliban gələnə qədər orta məktəbi bitirdiyim üçün bəxtim gətirdi. Amma indi qorxuram ki, universitetlər də qadınlar üçün bağlana bilər. Arzularım sona çatacaq", - o bildirir.

Bu yaxınlarda qız universitetə ​​qəbul imtahanlarında iştirak edib və öyrənib ki, oxumaq istədiyi fənn - jurnalistika artıq qadınlar üçün mümkün deyil: "Nə qədər çətin olduğunu təsvir edə bilmirəm. Bəzən yüksək səslə qışqırmaq istəyirsən. Özümü ümidsiz hiss edirəm".

Əfqanıstanda qadınlar üçün yerlər daha azdır, ona görə də bəziləri Talibanın məhdudiyyətlərinə qarşı çıxmağın yollarını tapmağa çalışır. Fəal Laila Basim qadın kitabxanasının həmtəsisçisi olub. Burada müxtəlif mövzularda müxtəlif dillərdə minlərlə kitab var.

“Bununla biz Talibana əfqan qadınlarının susmayacağını göstərmək istəyirik və ikinci məqsədimiz qadınlar arasında, xüsusən də təhsildən məhrum olan qızlar arasında kitab oxumaq mədəniyyətini yaymaqdır”, - o söyləyir.

Qadın öz səsini ölkəni idarə edən kişilərə çatdırmaq əzmindədir və ötən ildən bəri çoxsaylı etiraz aksiyalarında iştirak edib: "Biz ölümdən və ya Talibanın ailələrimizi təhdid edəcəyindən qorxmuruq. Qorxduğumuz şey cəmiyyətdən təcrid olunmaqdır".

Basim qadınlara qoyulan məhdudiyyətləri narahatedici və kədərli adlandırır: "İtirdiyimiz bütün azadlıqlar haqqında düşünmək məni çox kədərləndirir. Başqa ölkələrdə Marsda tətqiqatlar aparırlar, amma burada biz hələ də əsas hüquqlar uğrunda mübarizə aparırıq".

Bir neçə həftə əvvəl qadın hüquqları müdafiəçisi Zərifə Yaqubi və daha üç nəfər saxlanılıb. BMT və digər təşkilatlar tərəfindən onların azad edilməsi ilə bağlı çoxsaylı çağırışlara baxmayaraq, Taliban buna reaksiya verməyib.

Ötən həftə Əfqanıstanda futbol stadionunda minlərlə tamaşaçının gözü qarşısında üçü qadın olmaqla 12 nəfər şallaqlanmışdı. Hər addımda Talibanın indiki hakimiyyəti getdikcə daha çox onların 1990-cı illərdəki rejimini xatırladır.

"Talibanın indiki siyasəti 20 il əvvəl olduğu kimidir. Biz onlara 21-ci əsrdə bunun qəbuledilməz olduğunu çatdırmağa çalışırıq", - Leyla Basim deyir.

Kitabxanadan qısa bir məsafədə Talibanın əxlaq polisinin ofisi - "Günahların Qarşısının Alınması və Əxlaqın Təbliği Nazirliyi" yerləşir. Bura əfqan qadınlarının girməsinə icazə verilməyən bir yerdir.

Departamentin sözçüsü Məhəmməd Akif Mühacer danışır: "Qadınların şikayətlərini yaza biləcəyi qapıya qutu qoymuşuq. Direktorumuz onlara hörmət edərək, qadınlarla görüşmək üçün qapıya gedir".

O, qadınların parklara getməsinə qadağa qoyulması qərarını müdafiə edərək bildirir ki, burada İslam və şəriət qanunlarına riayət olunmur: "15 aydır ki, bacılarımıza parkları gəzməkdən həzz almağa icazə verdik. Qadınlara hicab taxmaq adətinə əməl etmələrini dedik, amma bəziləri bunu etmədi. Kişi və qadınların parka getməsi üçün ayrı-ayrı günlərimiz oldu, amma buna da əməl olunmadı”.

Mühacirdən qadın hüquqlarını müdafiə edənlərin niyə zülmə məruz qaldığını soruşduqda o, belə cavab verib: "Hər ölkədə dövlətin əmrlərinə qarşı çıxan hər kəs həbs olunur. Bəzi ölkələrdə hətta öldürülürlər. Biz bunu etməmişik. Amma, təbii ki, kimlərsə milli maraqlara qarşı səsini çıxarsa, susdurulacaq”.

Talibanın açıqlamaları və hərəkətləri qadınlara və onların siyasətini tənqid edən hər kəsə qarşı mövqelərinin sərtləşməsinə dəlalət edir. Bu, Taliban ötən il ölkədə hakimiyyəti ələ keçirdikdən sonra nümayiş etdirməyə çalışdıqları mötədil imiclə ziddiyyət təşkil edir.

"Bir gün bizə deyə bilərlər ki, qadınlar artıq evlərini tərk edə bilməzlər. Əfqanıstanda hər şey mümkündür" – deyə bir tələbə (adını açıqlamırıq) vurğulayır.

Əfqan qadınlarında beynəlxalq ictimaiyyətdən məyusluq da hiss olunur. Leyla Basim “Dünya bizdən üz çevirdi” deyir: Dünyanın nüfuzlu adamları İran qadınlarını dəstəkləyir, Əfqanıstan qadınlarını isə görmürlər. Bizim başımıza gələnlər dünya mətbuatının ilk səhifələrinə belə, çıxmır. Özümüzü hədsiz dərəcədə atılmış və unudulmuş hiss edirik”.

(BBC)