Qırğızıstanla Tacikistan arasında cəbhə boyu döyüşlər gedir
Tərəflər bir-birilərini təxribatda və atəşkəsə əməl etməməklə günahlandırır
Qırğızıstan-Tacikistan sərhədinin bütün perimetri boyunca şiddətli döyüşlər gedir. Tacikistan tərəfi ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (RYAS) və aviasiyadan istifadə edir.
“Avronews” xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Əldə edilən razılığa baxmayaraq, Tacikistan Qırğız Respublikası ilə sərhəddəki münaqişə bölgəsinə hərbi döyüş texnikası cəmləşdirir. Atəşkəs haqqında əldə edilən razılığa baxmayaraq, rəsmi Düşənbə münaqişə bölgəsinə döyüş texnikası yığır və Qırğız Respublikasının ərazisinə malik olduğu bütün texnikadan atəş açır. Bununla da Tacikistan ərazimizi ələ keçirməyə çalışır”, - deyə məlumatda bildirilir.
Məlumata görə, Baş nazirin müavini - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri, general-leytenant Qamçıbəy Taşıyev hadisə yerindədir: “O, atəşi dayandırmaq və vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür”.
Qurumdan vurğulanıb ki, Tacikistan dinc sakinlərdən canlı sipər kimi istifadə edir. Bundan başqa, sərhəddəki toqquşma nəticəsində Qırğızıstan tərəfindən yaralananların sayı 31-ə çatıb. Eyni zamanda, KİV-də Qırğızıstana məxsus T-72 tankının vurulmasına dair videogörüntülər yayılıb.
Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi isə Qırğızıstanı ittiham edən məlumat yayıb. Bildirilir ki, Qırğızıstan sərhəddəki münaqişə ilə bağlı Tacikistanı əsassız olaraq ittiham etmək üçün sosial şəbəkələrdən yararlanır.
“Qırğız Respublikası sosial şəbəkə vasitəsi ilə Tacikisitanı münaqişəni davam etdirməkdə ittiham etməyə cəhd göstərir. Bunların heç biri reallığı əks etdirmir. Tacikistan Respublikası və Qırğız Respublikası ilə dövlət sərhədində vəziyyətin sabitləşməsi üzrə cəhdlərimiz 2022-ci il sentyabrın 15-də uğursuzluqla nəticələndi. Qırğızıstan silahlı münaqişəni davam etdirir və problemin danışıqlar yolu ilə həllindən imtina edir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan sərhədçiləri arasında Leylek və Batken sərhədyanı rayonlarında atışma olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Xatırladaq ki, Tacikistan və Qırğızıstanın təhlükəsizlik qurumları arasında atəşkəsə dair razılıq əldə edilib.