Krımda panika: yüksək rütbəli zabitlər yarımadadan gizlicə qaçırlar

Krımda panika: yüksək rütbəli zabitlər yarımadadan gizlicə qaçırlar

FSB zabitləri və komandirlər öz ailələrini və qohumlarını Krımdan çıxarırlar

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabitləri və bir sıra hərbi hissələrin komandirləri, tabeliklərində olanlardan gizli şəkildə, mənzillərini satmağa və qohumlarını işğal olunmuş Krım yarımadasından təcili çıxarmağa çalışırlar.

Ukrayna müdafiəçilərinin uğurlu addımları müvəqqəti işğal olunmuş Krımın və ölkənin cənubunun qondarma “hakimiyyət”lərini öz ailələrini təcili olaraq Rusiyaya köçürməyə məcbur edir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb: “Əhalinin yarımadada qalmasının təhlükəsizliyi ilə bağlı verdiyi təminatlara baxmayaraq, Krımın işğalçı administrasiyasının nümayəndələri, FSB zabitləri və bir sıra hərbi hissələrin komandirləri, tabeliklərində olanlardan gizli şəkildə evlərini satmağa və təcili olaraq qohumlarını yarımadadan çıxarmağa çalışırlar”.

Eyni zamanda, məlumatda qeyd edilir ki, işğalçılar mənzil alqı-satqısı üzrə əqdlərin bağlanmasına qadağa qoyublar: “Krım körpüsü ilə hərəkətə məhdudiyyətlər qoyulub və Ukraynanın müdafiəçilərinin əks-hücum addımları haqqında məlumatların əldə edilməsinə hər cür mane olmağa çalışırlar”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin cənubda əks-hücum əməliyyatı davam edir. Hücum əməliyyatı başlayandan müdafiəçilər cəbhə xəttini onlarla kilometr irəli apara biliblər.

Lakin Ukraynanın Xarkov vilayətində əks-hücuma başlaması ruslar üçün xoşagəlməz sürpriz olub. Ukrayna Silahlı Qüvvələrinin əsgərləri işğalçıların əksəriyyətini Ukraynadan sıxışdırıb çıxarıb, İzyum və Kupyanski azad edib.

İşğal olunmuş ərazilərdə Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ruslar tərəfindən işgəncələrə məruz qalan vətəndaşları və zindanları tapmaqda davam edir.

Daha əvvəl Müharibənin Tədqiqi İnstitutu bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı müharibənin gedişatını dəyişib, lakin döyüşlər 2023-cü ilə qədər davam edəcək - cəbhə xətti sabitləşdikdən sonra müdafiəçilər yeni hücumlara başlamalı olacaqlar.

(UNIAN)