Jurnalist ölümləri ilə bağlı rekord: 2022-ci ilin dəhşətli izləri
Cari il ərzində 57 media işçisi öldürülüb ki, bu da əvvəlki illə müqayisədə 19 faiz çoxdur
“Sərhədsiz Reportyorlar” təşkilatının hesabatına görə, Ukrayna müharibəyə görə media işçiləri üçün ikinci ən təhlükəli ölkəyə çevrilib. Bundan əlavə, 2022-ci il professional fəaliyyətlərinə görə həbs olunan media işçilərinin sayında pik həddə çatıb.
“Sərhədsiz Reportyorlar”ın dekabrın 14-də təqdim etdiyi hesabatda deyilir ki, iki illik azalma tendensiyasından sonra peşə fəaliyyəti ilə əlaqədar öldürülən jurnalistlərin sayı yenidən artıb. 2022-ci ildə qlobal miqyasda 57 media işçisi öldürülüb ki, bu da əvvəlki illə müqayisədə təxminən 19 faiz çoxdur.
Hesabat müəllifləri bunu digər məsələlərlə yanaşı, bu il media işçiləri üçün ən təhlükəli ikinci ölkəyə çevrilən Ukraynadakı müharibə ilə əlaqələndirirlər. Təşkilat qeyd edir ki, 2022-ci ildə burada səkkiz jurnalist vəzifə borcunu yerinə yetirərkən həlak olub.
Diqqətçəkən hallar arasına, hesabata görə, martın 13-də Rusiya qüvvələri tərəfindən güllələnərək öldürülən ukraynalı fotoqraf Maksim Levin və Ukraynanın şərqində çəkiliş aparmağa gedərkən qəlpələrlə öldürülən fransız videoreportyor Frederik Leklers-İmhoff daxildir.
Bundan əlavə, bu il ən azı 65 media işçisi oğurlanıb. Xüsusilə, Ukraynanın UNİAN xəbər agentliyinin jurnalisti Dmitri Xilyuk sonuncu dəfə martın 4-də, o zaman Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Kiyev vilayətinin Daymer kəndində görünüb. Hilyukun sonrakı taleyi haqqında heç nə məlum deyil. “Sərhədsiz Reportyorlar”ın məlumatına görə, Xilyuk Rusiyaya aparılıb.
Daha çox jurnalistlər dəmir barmaqlıqlar arxasında
Təşkilatın hesabatında bildirilir ki, dekabrın 1-nə olan məlumata görə, dünyada misli görünməmiş sayda jurnalist - ən azı 533 jurnalist peşə fəaliyyətlərinə görə həbsdədir. Belə halların yarıdan çoxu beş ölkədə baş verir: Çin, Myanma, İran, Vyetnam və Belarus.
Burada kədərli birinci yeri 110 media işçisinin dəmir barmaqlıqlar arxasında saxlanıldığı Çin tutur. İran ümummilli etirazlar fonunda 47 media işçisini həbs edib.
"Həbsdə olan media işçilərinin rekord sayda olması onu göstərir ki, avtoritar rejimlər getdikcə daha çox sadəcə olaraq etiraz edən jurnalistləri dəmir barmaqlıqlar arxasına atır. Əksər hallarda onları məhkəməyə belə vermirlər", - deyə “Sərhədsiz Reportyorlar” təşkilatının İdarə Heyətinin üzvü Katja Qloqer bildirib.
Rusiyada mətbuat azadlığının vəziyyəti
“Sərhədsiz Reportyorlar”ın məlumatına görə, dekabrın 1-nə Rusiyada 18 media işçisi həbsdədir. Onlardan 8-i, təşkilatın hesabatına görə, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda həbs olunan ukraynalılardır.
Hesabatda qeyd olunur ki, Ukraynaya qarşı təcavüz başlayandan sonra Rusiyada jurnalistlərin iş şəraiti xeyli pisləşib: “Ölkədə qalan media işçilərinin əksəriyyəti sərt cəzalar təhlükəsi altında gizli işləməyə məcburdur: Rusiya ordusu haqqında “yalan məlumat” yaydıqlarına görə onları 15 ilə qədər həbs gözləyir”.
Hesabat müəllifləri “dövlət sirrini” yaymaqda ittiham olunaraq 22 il azadlıqdan məhrum edilən rusiyalı araşdırmaçı jurnalist İvan Safronovun da adını çəkirlər. Safronovun həmkarları istintaqın danışdığı, demək olar ki, bütün “sirləri” internetdə ictimai sahədə tapıblar.
(DW)