Əgər Ukraynada İran PUA-larının qalıqları aşkarlanarsa...
Rusiya Ukraynada itirdiyi hərbi texnikaya əvəz axtarır
Nüfuzlu “The New York Times” qəzetinin xəbərinə görə, İranın pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası Rusiyaya çatdırılıb. Rusiyanın yük təyyarələrinin həmin dronları Tehrandan 19 avqustda gətirdiyi yazılıb.
Bundan başqa, iranlı mütəxəssislərin rusiyalı həmkarlarına dronların idarə olunmasıyla bağlı təlimlər keçəcəyi bildirilib.
İranın Xarici İşlər Nazirliyinin rəsmisi bu xəbəri təkzib edib. Qəzetin məlumatının doğru olub-olmadığı yaxın aylarda bəlli olacaq.
Rusiyaya dronlar Ukrayna ərazisindəki hərbi texnika və canlı qüvvəyə zərbələr endirmək üçün lazımdır. Əgər müharibənin gedişatında dronların qalıqları aşkar edilərsə, İranın Rusiyaya pilotsuz uçuş aparatları verdiyi təsdiqlənəcək.
Rusiya ona gərəkli dronları Çindən də ala bilər. Ancaq hələlik bu mövzuda Çinin adı çəkilmir. Buna baxmayaraq, Vaşinqton Çinin də Rusiyaya hərbi texnika göndərəcəyindən ehtiyat edir.
Rusiya Ukraynada itirdiyi hərbi texnikaya əvəz axtarır. Rusiyanın hərbi sənaye kompleksi itkilərin yerini qısa müddətdə doldurmaq imkanında deyil. Ona görə Moskvanın İran dronlarına və Çinin hərbi texnikasına marağı artıb.
Müəllif: Politoloq Elxan Şahinoğlu
Mənbə: “Facebook”