Qonşuluqda texniki baxış qaydalarında yenilik
Yol hərəkəti təhlükəsizliyinə az təsir edən nasazlıqlar texniki baxış qaydalarından çıxarılıb
Bu il sentyabrın 1-dən Rusiyada şəxsi nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı bir sıra qaydalar dəyişəcək. Bu barədə Moskva Politexnik Universitetinin Yerüstü nəqliyyat vasitələri kafedrasının dosenti Sergey Zubriski açıqlama verib.
Məlumata görə, artıq yoxlama aparan mütəxəssislər avtomobilin sahibindən ilkin tibbi yardım dəstinin, yanğınsöndürən balonun və “Fövqəladə dayanma” yol nişanının olmasını tələb etməyəcəklər. Həmçinin, gələn aydan avtomobilin əsas aqreqatlarında yağların və işçi mayelərin cüzi sızması nəzərə alınmayacaq.
Eyni zamanda, yol hərəkəti qaydalarına əsasən, sürücülərdən texniki baxışdan keçmək üçün məcburi olmayan bütün avadanlıqları daşımaları tələb olunur.
Zubriski qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinə az təsir edən nasazlıqlar texniki baxış qaydalarından çıxarılıb. Lakin şəxsi avtomobillərə texniki baxışın ləğv edilməsinə baxmayaraq, nasaz avtomobili idarə etmək mümkün deyil.
Ekspert qeyd edib ki, qarşıya qoyulan vəzifə - hərəkətdə olan nəqliyyat vasitələrinin istismara yararlılığını təmin etməkdir, ona görə də yol hərəkəti iştirakçılarının və nəqliyyat vasitəsi sahibinin təhlükəsizliyinə təhlükə yaradan texniki nasazlıqların vizual aşkarlanması üçün texniki baxış zəruridir.
(rambler.ru)