Dünyada yeni müharibə həyəcanı
Vaşinqton 2025-ci ilə hazırlaşır
ABŞ-ın müxtəlif dairələri Çinlə müharibə ssenarisini real hesab edirlər. Bunun 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var. Amerikalı konqresmenlər arasında da müharibə ehtimalını yüksək hesab edənlər az deyil.
Respublikaçı konqresmenlər hazırki Prezident Co Baydeni Çinlə müharibə aparmaq üçün zəif lider kimi dəyərləndirirlər. Onlar düşünürlər ki, Bayden Pekinlə yumşaq davranır. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür ehtimalları təxribat kimi qiymətləndirirlər.
Niyə məhz 2025-ci ildə toqquşma ehtimalı irəli sürülür?
2024-cü ildə ABŞ-da və Tayvanda prezident seçkiləri keçiriləcək. Vaşintonda bəziləri düşünür ki, Çin lideri Si Tsinpin yaranan boşluqdan təzyiqi artırmaq üçün istifadə etməyə çalışacaq. ABŞ-da prezident kampaniyası və andiçmə mərasimi zaman alacaq. ABŞ-da yeni Prezident işə başlayana qədər Pekin Tayvanla bağlı qəti addımlar atacaq.
Çinli ekspertlər müharibə ssenarilərinə Çində nəşr olunan ingilis dilli “Global Times” qəzetindəki yazıları vasitəsilə cavab veriblər. Çinli ekspertlər Vaşintondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən gərginləşdirdiklərini bildiriblər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə başlamaq haqqında Vaşintonda səslənən fikirləri qəti şəkildə rədd edib.
Vaşinqtonda və Avropa paytaxtlarında Çinin Rusiya ilə yaxınlaşmasından da nahatlıq artıb. Tokio da nahatdır. Yaponiyanın Baş naziri Fumio Kisido NATO Baş katibi Yens Stoltenberqlə görüşündə Yaponiya sahilləri yaxınlıqlarında Çin-Rusiya hərbi təlimlərinin artmasından narahatlığını səsləndirib. NATO Baş katibi Çinin Asiya bölgəsində artan hərbi fəallığını təhlükə kimi qiymətləndirib.
Fərqli düşünənlər də var. Misal üçün, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen Putinin nüvə silahından istifadə edəcəyi halda, Kremlin Çinin dəstəyini itirəcəyi qənaətindədir. O, hesab edir ki, Çinsiz Putin tək olacaq. Ona görə də Putin nüvə silahından istifadədən çəkinəcək.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”