Kanada anti-Çin cəbhəsinə qoşuldu
Vaşinqton Pekinə qarşı daha geniş koalisiya yaratmağa çalışır
ABŞ Konqresi Tayvana “Patriot” raketlərinin satışı məqsədilə qətnaməni təsdiq edib. “Bloomberg” agentliyinin məlumatına görə, Tayvan bu raketlərə görə ABŞ-a 882 milyon dollar ödəyəcək. ABŞ Tayvana bu raketlərlə yanaşı radarlar və yardımçı avadanlıqlar da satacaq. Tayvanın ABŞ raket silahlarıyla təhcizatının ümumi dəyəri 2 milyarddan çox olacaq.
Tayvanın belə sürətlə silahlanması Pekinin planlarıyla bağlıdır. Çin lideri Si Sinpin Tayvanı ələ keçirmək planı olduğunu bir neçə dəfə söyləyib. Si Sinpin Kommunist Partiyasının son qurultayında açıq deyib ki, məsələni danışıqlar yolu ilə həll edə bilməsələr, güc yolundan istifadə edəcəklər.
Çinin hərbi gəmiləri tez-tez Tayvan adasında yaxınlaşır. Çinin hərbi təyyarələri də Tayvan adası üzərində uçuşlara ara vermir. Bu, güc nümayişidir. Ancaq Tayvan rəhbərliyi də geri çəkilmir, bəzi hallarda adaya yaxınlaşan gəmilərə xəbərdarlıq atəşi açırlar.
Bu arada, Kanada da ABŞ-a qoşulmağa qərar verib. Kanada bir neçə hərbi gəmisini Tayvan sahillərinə yaxın sulara göndərib. Bu gəmilər beynəlxalq sularda üzəcək. Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, ölkəsinin hərbi gəmilərinin beynəlxalq sularda üzməsi beynəlxalq hüquqa zidd deyil. Melani Coli Kanadanın beynəlxalq qaydalara riayətə önəm verdiyini vurğulayıb.
Beləliklə, ABŞ Tayvan adasının qorunmasında Kanadanın dəstəyinə arxayındır. Vaşinqton bununla kifayətlənmək istəmir. Ağ Ev Çinə qarşı daha geniş koalisiya yaratmağa çalışır. Hazırda bu koalisiyada ABŞ, Kanada və Böyük Britaniya ilə yanaşı bölgə ölkələri – Hindistan, Avstraliya və Yaponiya yer alıb.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”