Qızı vermədilər, atasını bıçaqladı
Polis hadisədə şübhəli bilinən şəxsləri saxlayıb
Hindistanın Karnataka ştatının Appinangadi şəhərində polis hücuma görə 4 nəfəri həbs edib. Məlumata görə, hücumun səbəbi hindistanlının qızını cinayətkarlardan birinə ərə verməkdən imtina etməsi olub.
Noyabrın 25-i axşam saatlarında altı nəfər Beari ailəsinin evinə soxulub. Onların əksəriyyəti daş və ağacla silahlanmışdı. Quldurlar qurbanları döyüb, qışqıraraq hədələyiblər. Ailənin atası Usman Beari yaxınları üçün müqavimət göstərəndə, Nizamuddin adlı şəxs bıçaqla onun sinəsindən zərbə endirib.
Usmanın 38 yaşlı həyat yoldaşı Tahirə hadisə barədə polisə məlumat verib. Polis hücumda şübhəli bilinən 4 nəfəri həbs edib. Daha iki şübhəli axtarışdadır.
Usman Beari xəstəxanaya aparılıb. Polisin məlumatına görə, Nizamuddin əvvəllər Usman Bearinin qızı ilə evlənmək istədiyini bildirib və atasından imtina cavabı alıb. Uğursuz bəy əsəbiləşərək dəstə toplayıb və qisas almaq qərarına gəlib.
(lenta.ru)