Putinin “qol-budağını daramaq” əməliyyatı: “çirkli” oliqarx tutuldu

Putinin “qol-budağını daramaq” əməliyyatı: “çirkli” oliqarx tutuldu

"Biz bu təhlükəni aradan qaldırmaq üçün əlimizdə olan bütün qüvvələrdən və taktikalardan istifadə edəcəyik"

Rusiyalı iş adamı oliqarxların mümkün cinayət fəaliyyətini araşdıran polis tərəfindən Londondakı bahalı malikanəsində saxlanılıb. Əməliyyat çərçivəsində daha iki nəfər tutulub, onlardan heç birinin adı açıqlanmır.

58 yaşlı kişi Londonda milyonlarla dollar dəyərində olan dəbdəbəli evində çirkli pulların yuyulmasında, Daxili İşlər Nazirliyinə qarşı sui-qəsddə və yalandan şahidlik etməkdə şübhəli bilinərək göz altına alınıb.

Məlumata görə, saxlanılan şəxs Mixail Fridmandır. "Fridman polis tərəfindən saxlanılıb. Amma bizdə olan məlumata görə, o, hələlik zaminə buraxılıb", - deyə TASS öz mənbəsinə istinadən yazıb. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Eyni zamanda, “Alfa-Bank”ın nümayəndəsi “Forbes”ə bildirib ki, Fridmanın həbslərlə heç bir əlaqəsi yoxdur: "Bu xəbərin kimə aid olduğunu bilmirik, cənab Fridman həbsdə deyil, evdədir. Onun bu əhvalatla heç bir əlaqəsi yoxdur".

İkinci saxlanılan şəxs, birinci həbs edilənin yaşadığı malikanənin işçisi olan 35 yaşlı kişi, içərisində minlərlə funt nağd pul olan çanta ilə evin çıxışında saxlanılıb. O, çirkli pulların yuyulmasında və polisin işinə mane olmaqda şübhəli bilinərək həbs edilib.

Üçüncü şəxs, 39 yaşlı kişi Londonun qərbindəki Pimliko şəhərindəki evində çirkli pulların yuyulması və dələduzluq etmək üçün sui-qəsddə şübhəli bilinərək həbs edilib.

Həbs əməliyyatında Milli Cinayət Agentliyinin (NCA) Kleptokratiyaya Qarşı Mübarizə Şöbəsinin 50-dən çox əməkdaşı iştirak edib. Villada aparılan axtarışdan sonra bir neçə rəqəmsal cihaz və xeyli miqdarda nağd pul ələ keçirilib.

NCA-nın baş direktoru Qrem Biqqar qeyd edib ki, bu il yaradılmış bölmə oliqarxların potensial cinayət fəaliyyətinin araşdırılmasında mühüm irəliləyiş əldə edib: "Biz bu təhlükəni aradan qaldırmaq üçün əlimizdə olan bütün qüvvələrdən və taktikalardan istifadə etməyə davam edəcəyik".

NCA açıqlayıb ki, bu, bölmənin korrupsiyaya uğramış beynəlxalq iş adamlarının və onlarla əməkdaşlıq edənlərin fəaliyyətinin qarşısını almaq səylərinin bir hissəsi kimi növbəti əməliyyatdır.

NCA-nın məlumatına görə, bölmənin yarandığı bu yaydan bəri Putinə bağlı elita və onların əməkdaşlarına qarşı 100-ə yaxın əməliyyat keçirilib, o cümlədən sanksiyaya məruz qalan ruslarla yaxın əlaqələri olan şəxslərin hesablarının dondurulması əmri verilib.

(BBC)