Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını beş dəfə artırır

Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını beş dəfə artırır

Gəmilərin boğazlardan keçməsindən əldə edilən illik gəlir 40 milyon dollardan 200 milyon dollara çatdırılacaq

Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini qaldırır. Yeni tariflər oktyabrın 7-dən qüvvəyə minəcək və indikindən beş dəfə artıq olacaq.

“Sabah” qəzeti Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindəki mənbələrə istinadən yazır ki, 1936-cı ildə Montrö Konvensiyası imzalananda rüsumların məbləği fransız frankı ilə müəyyən edilirdi. Bu valyuta dövriyyədən çıxanda hesablamalarda türk lirəsi və dollardan istifadə edilməyə başlansa da, inflyasiyaya və qızıl qiymətlərinin artmasına baxmayaraq, 1 jerminal frank hələ də 0,29 qram qızıla bərabər idi.

Rüsumların məbləği zaman keçdikcə əhəmiyyətsiz olub. 1983-cü ildə Türkiyə 1 frankı 0,8 dollara bərabərləşdirdi. İndi Ankara maya dəyərini 4 dollara qədər artırıb (rüsum hesablanarkən bu məbləğ gəminin xalis tonnajına vurulur). Bu, nəşrə görə, gəmilərin boğazlardan keçməsindən əldə edilən illik gəliri 40 milyon dollardan 200 milyon dollara qədər artıracaq.

Montrö Konvensiyası ilə Türkiyənin iki boğaz üzərində suverenliyi tanınıb. Sənədə görə, ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından sərbəst keçmək hüququ var və döyüş gəmiləri üçün rejim sahibi ölkənin Qara dənizə çıxışının olub-olmamasından asılıdır (əgər yoxdursa, tonnaj məhdudiyyətləri var).

Qəzet xatırladır ki, Türkiyənin boğazlardan keçən gəmilərdən mayak, sanitar və xilasetmə rüsumları toplamaq hüququ var.

Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayandan sonra Kiyev Ankaradan Rusiya üçün boğazlardan keçməyə qadağa qoymağı xahiş edib (müharibə zamanı Türkiyə konkret ölkənin gəmilərini regional və ya öz təhlükəsizliyinə təhdid hesab edərsə, belə bir qərar verə bilər). Mart ayının əvvəlindən etibarən Boğaziçi və Çanaqqala bütün döyüş gəmiləri üçün bağlanıb.

(“Sabah” qəzeti)