Rusiyada səfərbərliyə qarşı çıxan gənci zorladılar

Rusiyada səfərbərliyə qarşı çıxan gənci zorladılar

“Dünən dediklərimə görə çoxmillətli rus xalqı qarşısında tövbə edirəm”

Moskvada təhlükəsizlik qüvvələri ictimai fəal Artyom Kamardini saxladıqdan sonra qantellə döyüb və zorlayıblar. Bu barədə “Novaya qazeta. Avropa” sentyabrın 26-da öz mənbəsinə istinadən xəbər verir.

“Kamardini çox pis döyüblər və anusuna qantel soxublar”, - deyə mənbə bildirib.

Bundan sonra Triumfalnaya meydanında “Mayakovski oxunuşları”nda Donbass haqqında şeirlər oxuyan fəalı kamera qarşısında üzr istəməyə məcbur ediblər. Daha sonra təhlükəsizlik qüvvələrinə yaxın 112 “Telegram” kanalında üzrxahlığın videosu yayılıb.

Elə həmin kanalda Kamardin və daha iki fəal - Aleksandra Popova və Aleksandr Menyukovun mənzillərində saxlanılmasının görüntüləri də yayılıb. Videoda xüsusi təyinatlılar mənzilə soxulur və onları üzü üstə yerə uzadırlar.

Üzrxahlıq olan videoda Kamardinin üzündə sıyrıqlar görünür: “Dünən dediklərimə görə çoxmillətli rus xalqı qarşısında tövbə edirəm”.

Saxlanılan qızı isə kütləvi zorlama ilə hədələyiblər

Üç gənc İstintaq Komitəsinin Tverskoy rayonundakı şöbəsinə aparılıb. “Mediazona”nın mənbəsinin sözlərinə görə, vəkil üç məhbusla görüşməyə gələnə qədər işgəncələr davam edib. Kamardin özü sonradan vəkilinə döyülmə və zorlamalar barədə danışıb.

Popova deyib ki, şöbədə təhlükəsizlik qüvvələri onun üzünə superkleylə stikerlər yapışdırıb, ağzını bağlamağa çalışıb, saçını yolub, təpikləyib və beş nəfər tərəfindən zorlama ilə hədələyiblər. Daha sonra qızın dediyinə görə, ona Kamardinin zorlanmasını əks etdirən video göstərilib.

“Eşitdim ki, Artyomu üzr istəməyə məcbur edib və "Çılpaq soyun, köpək oğlu!" deyərək üstünə qışqırıblar. Görünür, onlar anusa soxula bilən əşya tapıblar və bunu ediblər. Sonra mənə onun döyülməsinin foto və videolarını göstərdilər. Onların otağı qan içində idi”, - deyə Popova bildirib.

Fəalları “Mayakovski oxunuşları”ndan sonra saxlayıblar.

Artyom Kamardin sentyabrın 25-də Moskvanın Triumfalnaya meydanında şair Vladimir Mayakovskinin abidəsi önündə keçirilən “Mayakovski oxunuşları”nda - poeziya gecələrində iştirak edib. Sentyabrın 25-də keçirilən oxunuşların anti-səfərbərlik xarakteri daşıdığı elan edilib.

“Kamardin zorakılıq hədəsi ilə nifrət və ya düşmənçiliyin salınması maddəsi (CM-nin 282.2-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi) üzrə şübhəli bilinib”, - vəkil Leonid Solovyov bildirib.

Fəal 48 saat saxlanılıb. İstintaq İdarəsinə təcili yardım da gəlib. Vəkilin sözlərinə görə, Kamardinin döyülmə zamanı aldığı beyin silkələnməsi ilə bağlı tibbi yardıma ehtiyac olub.

(DW)