Rusiyada səfərbərlik elan edildi: hələlik 300 min hərbçi

Rusiyada səfərbərlik elan edildi: hələlik 300 min hərbçi

“Burada söhbət qismən səfərbərlikdən gedir – hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq”

Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciət edib. “Avronews” xəbər verir ki, o, müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu bəyan edib.

Putin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib. Bu qərarla ölkə üzrə 300 min nəfər qismən səfərbərliyə çağırılacaq.

“Təkrar edirəm. Burada söhbət qismən səfərbərlikdən gedir. Yəni ki, hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar çağırılacaq”, - deyə Rusiya rəhbəri vurğulayıb.

Dövlət başçısı səfərbərlik tədbirlərinin bu gündən başladığını diqqətə çatdırıb: “Regionların başçılarına tapşırıram ki, hərbi komissarların işinə bütün lazımi köməyi göstərsinlər. Xüsusi ilə qeyd edirəm ki, hərbi səfərbərliyə çağırılan Rusiya vətəndaşları müqavilə əsasında orduda xidmət edən hərbçilər kimi ödəniş və bütün sosial təminat statusunu alacaqlar”.

Müdafiə naziri Sergey Şoyqu isə Rusiyanın böyük səfərbərlik resursunun olduğunu söyləyib: “Ölkədə 25 milyona yaxın səfərbərlik resursu mövcuddur”.