Ruslar əsir götürdükləri keşişin başına nə oyunlar açdılar... – ÇERNİQOV DƏHŞƏTİ

Ruslar əsir götürdükləri keşişin başına nə oyunlar açdılar... –

"Evində hərbi geyim və ya onun bəzi elementləri olanları o dəqiqə güllələyirdilər"

“Səkkiz gün ağzımı bağladılar... məni həyətə çıxardılar, avtomatı boynuma dirədilər, sinəmdəki xaça yumruqla vurdular, qollarımı burdular, başıma torba keçirdilər, üstümə su tökdülər”

Keşiş Yevgen Orda martın əvvəlində Rusiya tərəfindən əsir götürülüb. Öz dediyinə görə, Çerniqovdan çox uzaqda yerləşən İvanovka kəndində dəfn mərasimi keçirmək üçün gəlib və o vaxt rus qoşunları ora daxil olub.

Yevgen Orda DW-yə özünün nələrdən keçməli olduğu və ələ keçirilən Ukrayna kəndlərində baş verənlər haqqında danışıb.

Napoleon Ordanın nəslindəndir

Yevgen Ordanın qırx səkkiz yaşı var, onun iyirmi ilindən çoxunu keşiş olaraq yaşayıb. O, Böyük Əzəbkeş Yekaterinanın Çerniqov kilsəsində, sonra özünün tikdirdiyi Döyüşçü İohann kilsəsində xidmət edib, Ukraynanın müxtəlif hərbi hissələrinin kapellanı olub.

"Mən Rusiyada anadan olmuşam, amma uşaqlıqdan Çerniqovda yaşayıram, mən özüm etnik belarusam, əcdadlarım Qərbi Belarusdandır", - deyir Yevgen ata.

O, həmçinin 19-cu əsrin məşhur Belarus və Polşa rəssamı, yazıçısı və bəstəkarı Napoleon Orda ilə qohum olduğunu öyrənib.

Yevgenin müasir Belarusda, əsasən Qomel bölgəsində çoxlu qohumları var. Düzdür, o, onları çoxdan görmürdü: 2015-ci ildə keşiş Donbassa Ukrayna hərbçiləri üçün humanitar yardım apardığı üçün Belarus hakimiyyəti onun Belarus Respublikası ərazisinə girişini qadağan etmişdi.

Dəfn mərasiminə gəldi - əsir düşdü

Yevgen atsının Ukrayna Milli Qvardiyasında keşiş kimi xidmət etməsinə baxmayaraq, o, etiraf edir ki, son vaxtlara qədər Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin mümkünlüyünə inanmırdı. Martın 4-də Ordaya Çerniqovdan çox uzaqda yerləşən İvanovka kəndinin sakini üçün dəfn mərasimi keçirilməsi xahişi olunub. Yevgen atanın ailəsi də orada idi.

"Mən qəbiristanlıqda olarkən rusların Ukrayna mövqelərini necə atəşə tutduqlarını, minaların necə uçduğunu görürdüm", - deyə keşiş xatırlayır.

Qəbiristanlıqda o, keşiş paltarının altında olan hərbi formanı götürüb atıb, hərbi sənədləri kadilada yandırıb: "Əşyalarımı götürmək üçün çağrıldığım evə qayıtdım, amma rus tankçıları artıq orada oturmuşdular. Keşiş paltarının altından onlar mənim hərbi çəkmələrimi gördülər, dərhal məni zirzəmiyə atdılar, orada artıq iyirmiyə yaxın hərbi geyimli adam var idi".

"20 min dollar tapıldı - sahibləri güllələndi"

Dediyinə görə, səkkiz gün ərzində Yevgen Orda dindirilməyə aparılıb, döyülüb və ondan Ukrayna hərbçisi olduğunu etiraf etməsini tələb edilib: “Səkkiz gün ağzımı bağladılar: məni həyətə çıxardılar, avtomatı dirədilər, sinəmdəki xaça yumruqla vurdular, qollarımı burdular, başıma torba keçirdilər, üstümə su tökdülər. Hərbçi olduğumu deməyə yaxın idim, amma kəndlilər və Moskva Patriarxlığına məxsus kilsənin yerli keşişi məni xilas etdi, keşiş olduğumu dedilər. Bundan sonra məni artıq ailəm də daxil olmaqla mülki şəxslərin oturduğu zirzəmiyə atdılar”.

Orda qeyd edir ki, hərbi formada olan və ya hərbçi olduğunu etiraf edənləri ruslar harasa aparırdılar: “Onları bir daha heç kim görmədi”.

Yevgen ata iddia edir ki, rus hərbçiləri kənddə dinc sakinləri qətlə yetiriblər: “Təkcə İvanovkada 8 nəfər öldürülüb. Ev-ev gəzib dollar axtarırdılar, biri min verirdi, o biri iki min. Bir ailədə dedilər ki, pul yoxdur. Rus hərbçiləri axtarmağa başladılar, 20 min dollar tapdılar və sahiblərini çıxarıb həyətdə güllələdilər. Evdə hərbi geyim və ya onun bəzi elementləri olanları o dəqiqə güllələyirdilər. Kimdənsə tank əleyhinə mina tapdılar və partizan olduğunu düşündükləri üçün güllələdilər”.

"Çerniqov mütləq dayancaq"

Orda onu da iddia edir ki, ruslar kənddə yerli sakinlərdən aldıqları qənimətləri yük maşınları ilə çıxarıblar: “Onlar mənim hərbçi çəkmələrimdən əl çəkmirdilər. Onların heç zabitlərində beləsi yox idi. Geri çəkiləndə furalarla paltar, ayaqqabı, plazma televizor daşıdılar”.

Rus hərbçiləri İvanovkadan çıxdıqdan sonra ilk olaraq könüllülər ora çata bildilər, yerli sakinləri Rovnoya apardılar. Bir neçə gündən sonra Ukrayna ordusu kəndə daxil oldu. Keşiş deyir ki, İvanovka və ona yaxın kəndlərdə atəş zamanı həlak olan dinc sakinləri əvvəlcə həyətlərdə basdırır, sonra yenidən qəbiristanlığa aparırdılar.

Bir ay əsirlikdə qaldıqdan sonra Orda xəstəxanada yatdı, sonra keşiş Çerniqova qayıtdı, atəşdən sonra dağılan Döyüşçü İohan məbədini bərpa edir.

"Çerniqov demək olar ki, 30 gün mühasirəyə alındı, lakin çox dağıdılmış olsa da, ala bilmədilər. Bu yer, o qədər də ukrayndilli olmasa da, çox vətənpərvərdirlər. Çerniqov mütləq dayanacaq", - deyə Yevgen Orda əminliyini ifadə edir.

(DW)