Ya ərə, ya qəbirə – AMANSIZ EPİDEMİYA

Ya ərə, ya qəbirə –

Qadın qətllərinin baş alıb getdiyi Yaxın Şərqə virtual səyahət

Misir və İordaniyada evlilik təkliflərini rədd etdikləri üçün qadınların öldürülməsi ilə bağlı son vaxtlar baş verən səs-küylü hadisələr Yaxın Şərqdə qadınlara qarşı zorakılıq hallarına görə ictimaiyyətin qəzəbinə səbəb olub və onların hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələri qızışdırıb.

Qahirədəki Mansur Universitetinin tələbəsi Basma bu ilin iyununda tələbə yoldaşının şokedici qətli ilə hələ də barışa bilmir. Hər şey universitet şəhərciyinin qapısında baş verib.

27 yaşlı Basma faciədən 10 gün sonra verdiyi açıqlamada deyib: "Mən hələ də qorxuram və hələ də evdən çıxa bilmirəm”.

Lakin o, qisas alınacağından qorxaraq adını tam açıqlamayıb.

Qahirədəki Mansur Universitetinin 21 yaşlı tələbəsi Nairə Əşrəfin qətli bu yay bölgədə ən səs-küylü qadın hadisələrdən biri olub.

Femisid - geniş şəkildə qadınlara qarşı cinsiyyətə görə cinayətlər kimi başa düşülür. 1976-cı ildə bu termini ortaya qoyan feminist Diana Russell bunu "qadınların qadın olduqları üçün kişilər tərəfindən öldürülməsi" kimi təyin edib.

Nairə Əşrəfi öldürən Mohamed Adel yerindəcə saxlanılıb - cinayətin şahidləri onu tutub və polis gələnə qədər saxlayıblar. O, bir il əvvəl evlilik təklifini rədd etdiyi üçün qıza 19 bıçaq zərbəsi vurub. Anası bildirib ki, Adel imtinadan sonra bütün bu müddət ərzində onu təqib edib və hədələyib.

Ailənin vəkili Xaled Abdel Rahman Adelin qızı təqib etdiyini, onu açıq şəkildə qorxutduğunu, onun şəkli ilə saxta sosial media hesabları yaratdığını, pornoqrafik şəkillərə üzünün fotolarını əlavə etdiyini və ölümlə hədələdiyini bildirib.

Əşrəf iki dəfə polisə, kibercinayətkarlıqla mübarizə şöbəsinə şikayət edərək, kişinin ona yaxınlaşmasını qadağan etmək tələbi ilə müraciət etsə də, polis buna reaksiya verməyib.

"Əgər bu iddialar qanuni prosesdən keçsəydi və polis təqsirləndirilən şəxsə qarşı tədbir görsəydi, Nairə hələ də sağ olardı", - deyə vəkil hiddətini ifadə edib.

Adel təqsirini boynuna alıb və Mansur Cinayət Məhkəməsi onu qəsdən adam öldürmə ittihamı ilə edam cəzasına məhkum edib. Daha sonra iş hökmlə bağlı rəy verməli olan ölkənin ali teoloji orqanı olan Misirin Baş Müftisinə göndərilib. İyulun sonunda müfti hökmü təsdiqləyib.

Zorakılıq epidemiyası

Əşrəfin işi Misirdə və sosial şəbəkələrdə qəzəb dalğasına səbəb olub: istifadəçilər ədalət tələb edib və ərəb dünyasında qadın qətli hallarını pisləyiblər.

Tənqidçilərin qəzəbinə cavab olaraq Misir prokurorluğu Adelin məhkəməsi ərəfəsində verdiyi açıq bəyanatına istinad edib. Xüsusilə, orada deyilir ki, prokurorluq “xüsusilə qadınlara və gənclərə qarşı yönəlmiş zorakılıq xarakterli və aqressiya xarakterli istənilən cinayətlərə sərt cavab vermək mövqeyini təsdiqləyib”.

Lakin Əşrəf ailəsinin vəkilinin sözlərinə görə, təzyiq və zorakılığa görə kömək istəyən hər kəs bu yardımı almır.

Qadın hüquqları üzrə ekspert Həbibə Abdelaal deyir: “Qadınlara və qızlara qarşı zorakılıq Misirdə və Yaxın Şərqdə epidemiya halına gəlib. Əşrəfin işinin bu qədər geniş yayılması nadir haldır, baxmayaraq ki, bu, mütləq tək deyil, sonuncu da deyil”.

“Qadınlara qarşı təzyiqin son illərdə milli səviyyədə müzakirə olunmasına baxmayaraq, məişət zorakılığı halları ictimaiyyətdən gizlədilir və nə polis, nə də hökumət proqramları bununla məşğul olur”, - deyə hüquq müdafiəçisi vurğulayır.

Bunu Misirin Edraak İnkişaf və Bərabərlik Fondunun ötən ilki hesabatının məlumatları da təsdiqləyir - 2020-ci ildəki 415-ə qarşı 2021-ci ildə qadınlara və qızlara qarşı 813 zorakılıq hadisəsi baş verib, onlardan 296-sı qətl, 78-i qətlə cəhd olub.

Seksual qısnama baxımından Misir Əfqanıstandan sonra ikinci yerdədir.

Hicab taxmayıb

Nairə Əşrəfin qətlinə diqqət xüsusilə güclü ola bilərdi, çünki Misirdəki hadisədən bir neçə gün sonra onlar İordaniyada oxşar qətl hadisəsinin baş verdiyini öyrəniblər. Ommandakı Tətbiqi Elmlər Universitetinin tibb bacısı tələbəsi də onunla evlənmək istəyən, lakin rədd cavabı alan kişi tərəfindən güllələnib.

Misirdə baş verənlərdən yeganə fərq odur ki, hücum edən şəxs qaça bilib və polis onun izinə düşəndə kişi özünü güllələyib. Bu işin təfərrüatı İordaniya hakimiyyəti tərəfindən məxfiləşdirilib.

İordaniyalı kinorejissor və hüquq müdafiəçisi Qada Saba deyir: “Belə cinayətlərin əsasında qadınların qiymətləndirilməməsi və qorxudulması, həmçinin kişilərin həmişə haqlı olması fikri dayanır”.

Bəlkə də, sosial mediada qadınların hüquqları və onların potensial partnyor seçmək və ya rədd etmək azadlığı ilə bağlı müzakirələri qızışdıran da elə bu iki qadına qarşı femisid hadisəsi olub.

Qəzəblənən istifadəçilər hakimiyyəti bu cinayətlərin qarşısını alacaq və cəzalandıracaq qanunları tətbiq etməməkdə, eləcə də hücumlarda qadın qurbanların özlərini günahlandıran mədəniyyətdə ittiham edirlər.

“Nairənin işinin müzakirələri göstərir ki, bizdə nəinki qanunların və siyasətlərin icrası yoxdur, həm də qurbanı daim günahlandıran bir cəmiyyətlə üz-üzəyik, xüsusən də, həmin qurban qadındırsa və bu, insanların Nairənin qətli ilə bağlı şərhlərindən aydın olur", - deyə Abdelaal kədərlə qeyd edir.

Hüquqşünas və Misir Qadınlara Hüquqi Yardım Mərkəzinin təsisçisi Azza Soliman da bu fikirdədir: “Aydın oldu ki, ictimaiyyət getdikcə daha çox qadınlara qarşı çevrilir”.

Hüquq müdafiəçisi qadınlara qarşı zorakılığın tezliklə normal sayıla biləcəyindən ehtiyat edir.

Bir çox misirlilər hüquq müdafiəçilərinin fikirlərini çox qərbyönlü hesab edərək onların mövqeyini bölüşmürlər. Bu barədə Mərkəzin Misir və digər ərəb ölkələrində qadın qətli ilə bağlı hesabatında deyilir.

Fond xüsusən də Əl-Əzhər Universitetinin İslamşünaslıq fakültəsinin keçmiş dekanı Şeyx Mabruk Attrianın Nairə Əşrəfə hücum zamanı reaksiyasına istinad edir.

Şeyx hücum zamanı qızın hicablı olmadığını qeyd etdiyi video yayımlayıb. Attria müraciətində deyib: “Əgər həyatınız sizin üçün əzizdirsə, çölə tamamilə örtülü çıxın. Niyə? Çünki kasıb və cinsi cəhətdən daimi münasibətdən kasadlıq çəkənlər sizi görüb boğazınızı kəsəcəklər. Ona görə də, örtülmək istəmirsinizsə, gedin, boğazınızı kəssinlər”.

Qorunacaq qanun yoxdur

Naira Əşrəfin faciəsindən bir ay keçməmiş Misir daha bir qətllə şoka düşüb - 20 yaşlı tələbə Salma Bahqat Qahirədə tələbə yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb və yenə də - qız onun evlənmək təklifini rədd etdiyi üçün. Təqsirləndirilən şəxslərin məhkəməsi sentyabrda başlanmalıdır.

“Şəxsi Hüquqlar üzrə Misir Təşəbbüsü” İctimai Birliyinin mütəxəssisi Lobna Dərvişin sözlərinə görə, dövlət Nairə Əşrəf və Salma Bahqat faciələri kimi ictimai rəyi ayağa qaldıran hallarda sərt cəzaların illüstrativ nümunələrini göstərməyə çalışır.

Adelə hökm çıxaran məhkəmə hətta parlamentdən onun edamının televiziyada yayımlanması üçün qanunun dəyişdirilməsini istəyib.

“Bununla belə, qadına qarşı zorakılığın əsas səbəbləri və ev daxilində və xaricində baş verən zorakılığın miqyası dəyişməz olaraq qalır”, - deyə hüquq müdafiəçisi bildirib.

Dərviş əmindir ki, ölkə bu problemi həll etməsə, hüquq müdafiəçiləri qadınların zorakılıqdan qorunmasının və təhlükəsiz yaşamaq hüququnun ayrılmaz hüquqlar olduğu mesajını cəmiyyətə çatdıra bilməyəcəklər.

Misirdə şifahi, fiziki, telefon və onlayn təcavüz qanunla cinayət sayılır, lakin bu qanunlar praktikada nadir hallarda tətbiq edilir.

Qahirə İnkişaf və Hüquq Fondunun direktoru və hüquqşünas Entessar Əl-Səid qeyd edir ki, əsas problemlərdən biri zorakılığı cinayət hesab edən və cinayətin baş verməmişdən qabaq qarşısını alan qanunun olmamasıdır. O, həmçinin cinayəti bildirən qadınlara qarşı güclü sosial təzyiqə işarə edir və ərinin şiddətli zorakılığını dörd dəfə polisə bildirən 35 yaşlı Meri Meqdinin işini misal gətirir.

Ərin dindirilməyə çağırılmasına baxmayaraq, heç bir araşdırma aparılmayıb, bunun əvəzinə polis cütlüyə ailə terapevtinə baş çəkməyi təklif edib. Məryəmin qohumları onu ifadələrini geri götürməyə məcbur ediblər, lakin qadın təslim olmayıb və ərinin hücumlarından birinin videosunu internetdə yayıb. Yalnız bundan sonra polis reaksiya verib və ər bir il müddətinə azadlıqdan məhrum edilib.

Maqdi deyib ki, o, hələ də öz həyatı və qızlarının həyatı üçün qorxur - axı, əri tezliklə azadlığa çıxacaq: “Mənə təhlükəsizlik lazımdır. Onun azad ediləcəyi fikri məni dəhşətə gətirir”.

Bundan əlavə, o, Misirin kopt xristian azlığının üzvü olduğu üçün boşana bilməz. "Onu qorumaq üçün heç bir qanuni yol yoxdur", - deyə Maqdinin vəkili Said Fayez söyləyib.

Qadınlara qarşı zorakılıq probleminin də aktual olduğu Misir, İordaniya və Livandakı hüquq müdafiəçiləri razılaşırlar ki, bu problem məişət zorakılığı ilə bağlı qanunların qəbulu və icrası, qadınlara qarşı zorakılıq qurbanları üçün sığınacaqların, qadınların və qızların baş verənlər haqqında sərbəst danışa biləcəyi məsləhət mərkəzlərin yaradılması, eləcə də onların həlli yolu ilə həll edilə bilər.

Ancaq işə femisidi - qadın qətlini həqiqətən ciddi problem kimi tanımaqla başlamalıyıq.

(BBC)