Ümumdünya  təhlükəsi: 1 faiz 99 faizin haqqını yeyir

Ümumdünya  təhlükəsi: 1 faiz 99 faizin haqqını yeyir

“Dünyada bərabərsizliyi azaltmasaq, bu böhranların öhdəsindən gələ bilməyəcəyik”

2020-ci ildən bəri dünyada qazanılan sərvətlərin təxminən üçdə ikisi əhalinin ən zəngin təbəqəsinin təmsil olunduğu 1 faizin payına düşüb. Bu sərvətin həcmi əhalinin qalan 99 faizinə düşəndən təxminən iki dəfə çoxdur.

Dünya dörddə bir əsrdə ilk dəfə olaraq ifrat yoxsulluğun və həddindən artıq zənginliyin eyni vaxtda artmasının şahidi olur. Korporasiyalar və onların sahibləri də müxtəlif böhranlardan faydalanır. Bu, “Oxfam” Xeyriyyə Təşkilatları Assosiasiyasının yanvarın 16-da İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun ilk günündə dərc olunmuş illik hesabatından belə görünür.

“Ən zənginlərin sağ qalması” başlıqlı hesabatda deyilir ki, COVID-19 böhranı zamanı 2020-ci ildən bu yana toplanan qlobal sərvətin təxminən 62 faizi, yəni 26 trilyon dollar ən zəngin 1 faizin əlinə keçib. Planetin qalan əhalisinin qalan 99 faizi isə cəmi 16 trilyon dollar və ya bu sərvət artımının 38 faizini təşkil edib.

Bir il əvvəl milyarderlərin sərvəti “ərzaq və enerji şirkətlərinin sürətli gəlirləri” sayəsində yenidən yüksəldi. “Oxfam”a görə, bu şirkətlərin 95 faizi 2022-ci ildə mənfəətlərini iki dəfədən çox artırıb.

Yer kürəsinin hər onuncu sakini aclıq çəkir

Hesabatda eyni zamanda qeyd edilir ki, inflyasiyanın hazırda əmək haqqı artımını üstələdiyi ölkələrdə ən azı 1,7 milyard işçi yaşayır. 820 milyondan çox insan, yəni Yer kürəsində hər on nəfərdən biri aclıqdan əziyyət çəkir. Eyni zamanda, dünyada ac insanların təxminən 60 faizini qadınlar və qızlar təşkil edir.

Təşkilat Dünya Bankının məlumatlarına istinadən yazır ki, bu, yəqin ki, İkinci Dünya müharibəsindən sonra qlobal bərabərsizlik və yoxsulluğun ən böyük artımıdır. “Oxfam” dünya hökümətlərini yoxsulluğun və aclığın yayılmasının qarşısını almaq üçün sərvət, habelə koronavirus pandemiyası və inflyasiya nəticəsində yaranan “həddindən artıq gözlənilməz mənfəət”dən vergilərini artırmağa çağırıb.

Almaniyanın inkişaf naziri təhlükəli tendensiyaları görür

Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenja Schulze “Oxfam” hesabatının nəticələrini "təhlükəli" adlandırıb: “Pandemiya, münaqişələr və sonuncu, ən azı Rusiyanın təcavüzkar müharibəsi bizi yoxsulluq, aclıq, səhiyyə və təhsil baxımından illərlə geriyə saldı, zənginlər isə daha da varlandı. Bütün dünyada bərabərsizliyi azaltmasaq, biz bu böhranların öhdəsindən gələ bilməyəcəyik”.

(DW)