Almaniyadan fantastik məbləğdə təzminat tələbi – Kabus bitmədi

Almaniyadan fantastik məbləğdə təzminat tələbi –

“Almaniya ilə normal münasibətlər həqiqət və təzminat olmadan mümkün deyil”

Polşa Parlamentinin Komissiyası Varşavanın Almaniyadan tələb edəcəyi təzminat məbləğini hesablayıb. Polşada hakim partiyanın rəhbəri Kaçinskinin sözlərinə görə, Almaniya iqtisadiyyatı 1,3 trilyon avro məbləğinin “mükəmməl öhdəsindən gələcək”.

Polşa Almaniyadan İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə tələb edəcəyi təzminat məbləğini 1,3 trilyon avro qiymətləndirir. Polşanın hakim Hüquq və Ədalət Partiyasının  rəhbəri Yaroslav Kaçinski II Dünya müharibəsinin başlanmasının ildönümü ilə bağlı sentyabrın 1-dən Varşavanın Berlinlə təzminatların ödənilməsi ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

Onun sözlərinə görə, məbləğ mühafizəkar üsulla hesablanıb və bundan qat-qat artıq ola bilərdi. Kaçinski əmin olduğunu bildirib ki, Almaniya iqtisadiyyatı bu məbləğin öhdəsindən heç də əzilmədən “mükəmməl” gələ bilər: “Söhbət birdəfəlik ödənişdən yox, onilliklər boyu uzanan ödənişlərdən gedir”.

Polşanın Baş naziri Mateuş Moravecki eyni tədbirdə bildirib ki, Almaniya ilə normal münasibətlər həqiqət və təzminat olmadan mümkün deyil və Polşa parlamentinin komissiyasının müharibəyə dəymiş zərərlə bağlı təqdim etdiyi hesabat, onun fikrincə, real barışığa xidmət edəcək.

Berlin daha əvvəl Polşa tərəfinin məsələ qaldırdığı təzminat tələbini dəfələrlə rədd edib. Almaniya Federativ Respublikası Hökuməti vurğulayır ki, Polşa Xalq Respublikası 1953-cü ildə Almaniyaya qarşı tələblərindən əl çəkib və bunu dəfələrlə təsdiqləyib. Beləliklə, alman hakimiyyəti nöqteyi-nəzərindən təzminat məsələsi nəhayət öz həllini tapıb.

2017-ci ilin sentyabrında Almaniya hökumətinin o zamankı sözçüsü Şteffen Zaybert vurğulamışdı ki, Almaniya İkinci Dünya müharibəsinin “ağılasığmaz cinayətləri”nə görə məsuliyyət daşıyaraq, artıq Polşaya təzminat ödəyib. Bundan əlavə, Almaniya nasist rejiminin cinayətlərinin nəticələrinə görə ödənişlər etməkdə davam edir.

(DW)