Moskvadan İkinci Düna müharibəsinə görə təzminat tələbi
“Polşa Rusiyadan İkinci Dünya müharibəsində iştirakına görə təzminat tələb etməlidir”
Polşa həm Almaniya, həm də Rusiyadan İkinci Dünya müharibəsi üçün təzminat alacağını gözləyir. Bu barədə ölkə başçısı Andjey Duda açıqlama verib.
Bundan əvvəl Polşa Seymi Berlin və Moskvanın Varşavaya təzminat ödəməsini tələb edən qətnamə qəbul edib.
“Polşa Rusiyadan İkinci Dünya müharibəsində iştirakına görə təzminat tələb etməlidir”, - deyə Prezident Duda bildirib.
O, “Varşava niyə Rusiyadan İkinci Dünya müharibəsi üçün təzminat tələb etmir? Halbuki, Almaniyaya münasibətdə belə bir tələbi artıq bəyan etmisiniz” sualına belə cavab verib: “Almaniya İkinci Dünya müharibəsinə başladı və Polşaya hücum etdi. Təbii ki, Rusiya bu müharibəyə sonradan qoşuldu, ona görə də hesab edirəm ki, biz Rusiyadan da təzminat tələb etməliyik. Düşünürəm ki, biz bunu etməliyik. Mən bunu etməməyimiz üçün heç bir səbəb görmürəm”.
Polşanın İkinci Dünya müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Almaniyadan 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) təzminat tələb etmək niyyətini sentyabrın 1-də “Qanun və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski bəyan edib. O, qeyd olunan məbləğin Almaniya iqtisadiyyatı üçün “tamamilə məqbul” olduğu və heç bir şəkildə onu “çətinə salmayacağı” fikrini səsləndirib. Kaçinski izah edib ki, məbləğin əhəmiyyətli hissəsi - 5,2 milyondan çoxu Polşa vətəndaşlarının ölümünə görə kompensasiyadır.
(RBC)