Saqqalına görə Kadırovun düşməninə çevrilən məşhur çeçen yoxa çıxıb – TƏFƏRRÜAT

Saqqalına görə Kadırovun düşməninə çevrilən məşhur çeçen yoxa çıxıb –

O, daha əvvəl sui-qəsdə məruz qalmış, hücumdan sağ-salamat qurtula bilmişdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun ən məşhur tənqidçilərindən biri olan çeçen bloger Tumso Abduraxmanov İsveçdə yoxa çıxıb. İsveçdəki Çeçenistandan olan qaçqınlara yardım edən “Vayfond” insan haqları assosiasiyası və BBC mənbələrinə görə, Abdurahmanov və onun ailə üzvləri ilə bir neçə gündür əlaqə kəsilib.

Təşkilatın açıqlamasına görə, Tumso Abdurahmanov ilə birlikdə onun qardaşı, “Vayfond” şirkətinin nümayəndəsi Mohmad ilə əlaqəni kəsilib: "Assosiasiyanın nümayəndəsi, Tumsonun qardaşı olan Mohmad Abdurahmanov da gözlənilmədən və heç bir izahat olmadan bütün əlaqələrdən çıxıb".

Dekabrın əvvəlində Abduraxmanovun qətli ilə bağlı xəbərlər “Telegram”da peyda olub və guya öldürülən blogerin cəsədi ilə video yayımlanıb. Lakin istifadəçilər videoda başqa bir şəxsin çəkildiyini bildiriblər.

Dekabrın 2-də Avropa Çeçenistan Assambleyasının mətbuat katibi Şamil Albakov “Qafqazskiy Uzel”ə (Rusiyada xarici agent kimi tanınır) bildirib ki, Abduraxmanovun ölümü ilə bağlı məlumatı təsdiqləyə bilmir: “Bizdə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. İsveçdə Tumsonun məhəlləsində yaşayan bir gəncin öldürülməsi barədə danışırlar, lakin bu, təsdiqini tapmayıb”.

Tumso Abdurahmanov kimdir?

Qroznıda Tumso Abduraxmanov Elektrosvyaz Federal Dövlət Unitar Müəssisəsinin direktor müavini vəzifəsində çalışıb, lakin 2015-ci ildə Kadırovlar ailəsi ilə münaqişə səbəbindən Çeçenistanı tərk etmək məcburiyyətində qalıb.

Münaqişə Abdurahmanovun saqqalı üzündən başlayıb – Çeçenistan rəhbərinin qardaşı oğlu İslam Kadırovun xoşuna gəlməyib və o, Qroznıda küçədə həmin şəxsi saxlayıb, telefonunu götürüb və evinə aparıb, Abdurahmanov orada uzun müddət onun dini baxışları haqqında dindirilib.

Bundan sonra həmin gecə Abdurahmanov ailəsi ilə birlikdə Çeçenistanı tərk edib. Avropada o, məşhur müxalifətçi blogerə çevrilib. İndi demək olar ki, yarım milyon insan onun “YouTube” bloquna abunə olub və oradakı sonuncu video üç həftə əvvəl dərc edilib.

Abdurahmanovun videolarına milyonlarla baxış toplanır və özü də Kadırovu və Çeçenistan hakimiyyətini açıq şəkildə tənqid etdiyi üçün şöhrət qazanıb.

Abdurahmanov Çeçenistan rəsmiləri, jurnalistlər və keçmiş Çeçenistan prezidentləri Cövhər Dudayev və Aslan Mashadovun övladları ilə birgə verilişlər aparıb. Bu verilişlərdən birindən sonra Çeçenistan parlamentinin spikeri Maqomed Daudov blogerlə qan davası elan edib.

2019-cu ildə BBC Rus Xidməti Tumso ilə bir gün keçirib və Çeçenistanın Rusiyanın bir hissəsi kimi çətin tarixindən, bölgənin gələcəyindən və blogerin respublika rəhbərliyi ilə düşmənçiliyindən danışıb.

Avropada çeçen müxaliflərin təqibi

Artıq Abdurhmanova sui-qəsd cəhdi olmuşdu: 2020-ci ilin fevralında mənzilinə gizlicə girən şəxs ona çəkiclə hücum edib. Bloger hücumun əvvəllər ona qarşı qan davası elan etmiş Daudovun ad günündə törədilməsinə diqqət çəkib.

2021-ci ilin yanvarında İsveç məhkəməsi Abdurahmanovun öldürülməsinə cəhddə şübhəli bilinən iki nəfəri on və səkkiz il müddətinə azadlıqdan məhrum edib.

2020-ci ilin iyulunda başqa bir çeçen müxalifətçi bloger və Kadırovun tənqidçisi olan çeçen Mamixan Umarov Vyanada güllələnib. 2021-ci ilin avqustunda Avstriya məhkəməsi Umarovun qətli işi üzrə Çeçenistan əsilli Sarali Axtayevi ömürlük həbsə məhkum edib.

Bundan əvvəl, 2019-cu ilin yayında İkinci Çeçenistan müharibəsində iştirak etmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvili Berlinin mərkəzində öldürülüb. Hücum edən şəxs saxlanılıb və Berlin polisi demək olar ki, dərhal qətlin sifariş xarakterini açıqlayıb.

2021-ci ilin dekabrında Almaniya məhkəməsi rusiyalı Vadim Krasikovu Xanqoşvilini öldürməkdə təqsirli bilib, ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə qətlin Rusiya dövləti tərəfindən sifariş edildiyini iddia edən istintaqla razılaşıb.

(BBC)