Şimali Koreya casus peyklərini sınaqdan keçirib
Onlar 550 km yüksəklikdə uçub və ən azı 250 km uçuş məsafəsinə malik olub
Şimali Koreya hərbi kəşfiyyat peykinin sınaqlarının yekun mərhələsinin başa çatdığını elan edib. TsTAK dövlət xəbər agentliyi iddia edir ki, onun gedişində görüntülərin və məlumatlarının ötürülməsi imkanları sınaqdan keçirilib.
Bu məlumatlara görə, peykin özü tam olaraq 2023-cü ilin aprelində tamamlanmalıdır. Bundan əlavə, təxminən 500 km hündürlüyə qalxan sınaq peyki ilə buraxılış aparatının buraxılması barədə məlumat verilir - Şimali Koreya mütəxəssisləri kosmosda cihazların işini yoxlayıb, həmçinin peyk görüntülərini sınaqdan keçiriblər.
Bir gün əvvəl Cənubi Koreya ordusu Şimali Koreyadakı Koreya yarımadasının şərq sahilindən Yapon dənizinə doğru iki ballistik raketin buraxıldığını bildirmişdi. Ehtimallara görə, bu tip raketlər nüvə başlıqları daşıya və Yaponiyadakı hədəfləri vurmaq üçün kifayət qədər məsafə qət edə bilir.
Öz növbəsində Yaponiya müdafiə nazirinin müavini Tosiro İno bildirib ki, Şimali Koreya tərəfindən yeni buraxılan ballistik raketlər Yaponiyanın Eksklüziv İqtisadi Zonasından (EEZ) kənara düşüb. Onun sözlərinə görə, onlar təqribən 550 km yüksəklikdə uçub və ən azı 250 km uçuş məsafəsinə malik olub.
Şimali Koreya artıq bu il həmişəkindən daha çox raket buraxıb. “Reuters qeyd edir ki, Pxenyan ilin əvvəlindən bəri 50-dən çox raket sınağı keçirib. Bundan əlavə, beynəlxalq təcriddə olan Şimali Koreyada avtoritar rejimin 2017-ci ildən bəri ilk dəfə yenidən nüvə sınaqları keçirə biləcəyi ilə bağlı qorxular artır.
(DW)