Avropada “casus proqram” skandalı: hökumətlər vətəndaşları necə izləyir?

Avropada “casus proqram” skandalı:

“Bu cür proqramlardan repressiya aləti kimi istifadəsi dayandırılmalıdır”

Bir çox Avropa İttifaqı (Aİ) ölkələrində casus proqramlardan istifadə olunur. Avropa Parlamentinin (AP) hesabatında deyilir ki, onların bəzilərində hakimiyyət müxalifətə, jurnalistlərə və vəkillərə casusluq etmək üçün bu proqramdan sui-istifadə edir.

Noyabrın 8-də Hollandiyadan olan deputat Sofi İnt Veld tərəfindən təqdim edilən AP-nin xüsusi komissiyasının hesabatında deyilir: "(casus proqram təminatından sui-istifadə - red.) ümumavropa miqyasına çatıb".

Sənəddə həmçinin iddia edilir ki, bəzi Aİ ölkələri “siyasi məqsədlərə nail olmaq, həmçinin korrupsiya və cinayət əməllərini gizlətmək üçün öz vətəndaşlarına qarşı elektron casusluq sistemlərindən istifadə ediblər”.

Eyni zamanda, hesabat müəlliflərinin vurğuladığı kimi, Aİ ölkələrində departamentlərin heç biri AP-nin tələbi ilə konkret məlumat verməyə hazır olmadığından, sənəd açıq mənbələrdən alınan məlumatlar əsasında hazırlanıb.

Buna baxmayaraq, hesabatı tərtib edənlər külli miqdarda məlumat toplaya biliblər. Veld deyir: "Əgər tapmacada 1000 parça varsa, deməli, onların 900-ü artıq bizim əlimizdədir".

Onun sözlərinə görə, hazırda bütün Aİ ölkələrinin casus proqram təminatı aldığını və bir sıra ölkələrin bu biznesdən qazanc əldə etdiyini ehtimal etmək olar: “Kipr və Bolqarıstan ixrac mərkəzləri rolunu oynayır, İrlandiya əlverişli vergi təklif edir, Lüksemburq isə bu cür proqramların bir çox istehsalçısı üçün maliyyə mərkəzidir, Praqada illik “Wiretapper's Ball” beynəlxalq casus proqram sərgisi keçirilir və Malta casus proqram tərtibatçılarının sevimli məkanıdır”.

“Bu cür şirkətlərin fəaliyyətinin ən bariz nümunəsi İsrailin NSO Qrupu - istifadəsi Yunanıstanda böyük siyasi qalmaqala səbəb olan “Pegasus” casus proqram istehsalçısıdır. Şirkətin Kipr və Bolqarıstanda nümayəndəlikləri var və bütün Aİ bazarında problemsiz fəaliyyət göstərmək imkanından faydalanaraq, Lüksemburq vasitəsilə əməliyyatlar aparır. Şirkətin çox mürəkkəb strukturu var, məhsullarının satışı qəsdən çox qeyri-şəffaf təşkil olunub, lakin biznes çiçəklənir və gəlirlidir”, - deyə hesabatda vurğulanır.

Aİ casus qalmaqalının mərkəzində Yunanıstan, Polşa və Macarıstan var

Yunanıstanda casusluğun ən məşhur qurbanı müxalifətçi mərkəz-sol “Panellenik” Sosialist Hərəkat partiyasının rəhbəri və smartfonu “Predator” proqramı ilə birləşdirilən AP-nin deputatı Nikos Androulakis olub. Bu arada ölkədə casusluq qurbanlarının siyahısı uzanır. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis noyabrın 6-da qalmaqalda iştirakı ilə bağlı iddiaları bir daha təkzib edib. O, ANT1-ə verdiyi müsahibədə "Baş nazirin öz nazirlərinə qarşı casusluq etməsi" ilə bağlı iddiaları "utanc" adlandırıb.

Salonikidəki Makedoniya Universitetinin media eksperti Nikos Marantsidis qalmaqala görə Yunanıstan hökumətinin başçısını günahlandırır: “Əvvəlcə Mitsotakis dedi ki, hər şey qanuna uyğundur, indi o, “Pegasus” və “Predator” proqramları ilə bağlı  problemləri həll edəcəyini deyir”. Daha da pisi odur ki, bir çox yunan nəticədə ölkənin demokratiyasına inamını itirir, çünki biz yenidən avtoritarizmə doğru sürüşürük”.

Bu arada Yunanıstan hökuməti casus proqramların satışını qadağan etmək niyyətini açıqlayıb.

Avropa Parlamentinin hesabatında Macarıstan və Polşadakı vəziyyət də çox təfərrüatlı şəkildə təsvir olunub. Macarıstan hökumətin vətəndaşlara qarşı casusluq etmək üçün proqram təminatından istifadə etməsindən xəbərdar olan ilk ölkələrdən biri olub. “Amnesty İnternational” təşkilatının məlumatına görə, 300 fəal, jurnalist və hüquqşünas üçün müşahidə aparılıb.

“"Pegasus” proqram təminatının istifadəsi Macarıstan hökuməti tərəfindən fikir və media azadlığının məhv edilməsi üçün düşünülmüş strategiya kimi görünür", - sənəddə deyilir.

Hesabata görə, Polşada ötən ildən etibarən səlahiyyətli orqanlar tərəfindən casus proqramların istifadəsi imkanları demək olar ki, qeyri-məhdud şəkildə genişləndirilib: "Müşahidə qurbanlarının hüquqları ciddi şəkildə məhdudlaşdırılıb və onunla mübarizənin hüquqi vasitələri praktikada cüzidir. Hakim partiya tam nəzarəti bərqərar edib və zərərçəkmişlərin kömək üçün kiməsə müraciət etmək imkanı yoxdur".

Casus proqramlar üçün qaydalar və onun istifadəsinə nəzarət lazımdır

“Amnesty İnternational” təşkilatı casus proqramların satışı və yayılmasının dayandırılması üçün Birləşmiş Millətlər Təşkilatına petisiya üçün artıq 100 mindən çox imza toplayıb.

“Amnesty İnternational”ın Baş katibi Aqnes Kallamar yazır: “Nəzarət texnologiyalarının ixracında insan hüquqlarının daha yaxşı müdafiəsinə təcili ehtiyac var. Biz jurnalistlərin, fəalların və hüquqşünasların onları qorxutmaq və susdurmaq üçün şəxsi həyatına məqsədyönlü müdaxilələrin həyata keçirildiyi qlobal casus proqram böhranının şahidi oluruq”.

Kallamara görə, BMT-yə üzv dövlətlər bu cür proqramlardan repressiya aləti kimi istifadəni dayandırmalıdır.

Sofi int Veld həmçinin casus proqramların istifadəsinə moratoriumun tərəfdarıdır. Bundan əlavə, o, bütün iddiaların, ən yaxşısı İnterpol tərəfindən araşdırılmasına, həmçinin casus proqramlar üçün şübhəli ixrac lisenziyalarının dayandırılmasına və ondan qanuni istifadə üçün hüquqi bazanın yaradılmasına çağırır. Eyni zamanda, Avropa Parlamentinin deputatı etiraf edir ki, hələlik yeni qaydaların tətbiqi mexanizmi yoxdur.

(DW)