Moskvadan Tehrana “görünməmiş səviyyədə” hərbi dəstək
Rusiya İrana “Su-35” təyyarələri verəcək – onlar daha əvvəl Misir üçün nəzərdə tutulmuşdu
Qərb kəşfiyyat mənbələri bildirir ki, Moskva Tehrana Misir üçün nəzərdə tutulan 24 ədəd “Su-35” qırıcısı və hava hücumundan müdafiə sistemləri verəcək.
Rusiya yaxın vaxtlarda İranı qırıcılardan ibarət eskadrilya ilə təmin edəcək. Bu barədə İsrailin “i24news” telekanalı dekabrın 24-də Moskva ilə Tehran arasında hərbi sövdələşmələri izləyən Qərb kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Telekanal xəbər verir ki, bunlar çox güman, 24-ə yaxın “Su-35” qırıcısıdır ki, onlar əvvəlcə Misir üçün nəzərdə tutulmuş sövdələşmənin bir hissəsidir. Kəşfiyyat məlumatlarına görə, iranlı pilotlar artıq bu təyyarələrdə təlim keçirlər. Bundan əlavə, Tehran Moskvadan hava hücumundan müdafiə sistemləri alacaq.
İran da öz növbəsində Rusiyaya artıq təhvil verilmiş 1700 ədəd pilotsuz təyyarədən əlavə, 300 ədəd “Shahed-136” kamikadze pilotsuz təyyarəsinin daha bir partiyasını göndərəcək. Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Rusiya İrandan aldığı 1700 ədəd PUA-dan 540 ədədini artıq Ukrayna ərazisinə buraxıb.
Moskva Ukraynaya zərbələr endirmək üçün İran silahından istifadə etdiyini inkar edir. Tehran etiraf edib ki, o, Rusiyaya pilotsuz təyyarələr göndərib, lakin Ukraynanın işğalından əvvəl, özü də kiçik bir partiya.
ABŞ Rusiyanın İrana hərbi dəstəyinin “görünməmiş səviyyədə” olacağı barədə xəbərdarlıq edib
Bu mənbələr İsrail kəşfiyyat qurumu “Mossad”ın direktoru David Barneanın məlumatını təsdiqləyir. Bundan əvvəl o, İranın Rusiyaya müasir silahların tədarükünü genişləndirməyi planlaşdırdığını bildirib. Barnea həmçinin “İranın uranın zənginləşdirilməsi proqramını genişləndirmək niyyəti və müxtəlif yollarla regiondakı dost müsəlman ölkələri üzərində təsirini artırmaq niyyəti” barədə xəbərdarlıq edib.
Dekabrda Amerikanın NBC telekanalı Ağ Evdəki mənbələrə istinadən xəbər vermişdi ki, Rusiya Tehranın Ukraynadakı müharibə üçün silah tədarükü müqabilində İrana “görünməmiş səviyyədə” hərbi və texniki dəstək verir. Digər məsələlərlə yanaşı, NBC mənbələri Tehrana mümkün döyüş təyyarələri transferindən danışıblar.
İlk dəfə Rusiya “Su-35”-lərinin Misirə tədarükü 2019-cu ildə – jurnalist İvan Safronovun “Kommersant”da dərc olunan “Su-35-lər Misirin gücünü gücləndirəcək” materialından sonra məlum olub. Həmin müqavilənin dəyəri 2 milyard dollar idi. BBC-nin rus xidmətinin məlumatına görə, material Misir və Rusiya hərbçilərinin narazılığına səbəb olub və dərc edildikdən sonra Safronov nəzarətə götürülüb.
(DW)