Ağ Ev 60 illik məxfi sənədləri açıqlayıb – Kennedi sui-qəsdinin izi ilə

Ağ Ev 60 illik məxfi sənədləri açıqlayıb –

Osvald kim idi və niyə həbsindən iki gün sonra Dallas Polis İdarəsinin zirzəmisində ölü tapıldı?

Ağ Ev ABŞ-ın sabiq Prezidenti Con Kennedinin qətli ilə bağlı minlərlə sənədin tam açıqlanmasına göstəriş verib. İnternetdə 13 mindən çox fayl açıqlanıb ki, bu da bu işə həsr olunmuş arxiv sənədlərinin 97%-dən çoxunu təşkil edir.

Yüksək profilli açıqlamalar gözlənilmir, lakin tarixçilər iddia edilən qatil haqqında daha çox məlumat əldə etməyə ümid edirlər.

ABŞ-ın 35-ci Prezidenti Con Fitcerald Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərinə səfər edərkən güllələnərək öldürüldü. 1992-ci il qanunu hökumətdən 2017-ci ilin oktyabrına qədər bütün qətl sənədlərini açıqlamağı tələb etdi.

Cümə axşamı Prezident Co Bayden bu açıqlamaya icazə verən bir sərəncam imzaladı, lakin bəzi faylların 2023-cü ilin iyun ayına qədər məxfi qalacağını söylədi, çünki onların açıqlanması xüsusi zərər verə bilər.

ABŞ Milli Arxivi 515 sənədin tam bağlı qalacağını, daha 2545 sənədin isə qismən bağlanacağını bildirib.

Uorren Komissiyasının 1964-cü ildə apardığı Amerika təhqiqatı, Kennedinin keçmiş Sovet İttifaqında yaşamış Amerika vətəndaşı Li Harvi Osvald tərəfindən öldürüldüyünü və onun təkbaşına hərəkət etdiyini müəyyən etdi. Osvald həbsindən iki gün sonra Dallas Polis İdarəsinin zirzəmisində ölü tapıldı.

Con Kennedinin ölümü çoxsaylı sui-qəsd nəzəriyyələrinə, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu işdəki rolu barədə xəbərlərə səbəb oldu. Cümə axşamı MKİ bir daha bəyan edib ki, Osvaldla heç vaxt əlaqəsi olmayıb və onun haqqında məlumatları ABŞ müstəntiqlərindən gizlətməyib.

Bu işin müstəntiqləri ümid edirdilər ki, arxivin açılması Osvaldın 1963-cü ilin oktyabrında Sovet “KQB”-sinin agenti ilə görüşdüyü Mexikoda nə etdiyi barədə daha çox məlumatı ortaya çıxaracaq. MKİ son bəyanatında iddia edir ki, onun Mexikoya səfəri ilə bağlı İdarədə mövcud olan bütün məlumatlar daha əvvəl ictimaiyyətə açıqlanıb. MKİ-nin məlumatına görə, yayılan sənədlər arasında bu mövzu ilə bağlı yeni məlumat yoxdur.

Lakin sənədləri yaymaq üçün hökuməti məhkəməyə verən qeyri-kommersiya tarix təşkilatı olan “Mary Ferrell Fondu”nun tədqiqatçıları MKİ-nin Osvaldın Meksikada keçirdiyi vaxta dair məlumatları gizlətdiyini söylədi. Vəqf iddia edir ki, bəzi MKİ sənədləri heç vaxt arxivə göndərilməyib və buna görə də yeni buraxılan partiyaya daxil edilməyib.

Bu yaxınlarda dərc edilmiş sənədlərdən biri göstərir ki, Meksika Prezidenti Meksika hökumətindəki digər rəsmilərin xəbəri olmadan ABŞ-a Sovetin Meksikadakı səfirliyinin telefonlarını dinləməyə kömək edib. CBS-in məlumatına görə, bu məlumat faylın əvvəllər buraxılmış, redaktə edilmiş versiyasında gizlədilib.

Ağ Ev bildirib ki, sənədlərin yayılması ictimaiyyətə qətlin araşdırılmasının gedişatını daha yaxşı başa düşməyə imkan verəcək. Prezident Bayden həmçinin deyib ki, əvvəllər redaktə edilmiş formada buraxılmış təxminən 16 min sənəd nəzərdən keçirilib və müəyyən edilib ki, bu yazıların 70%-dən çoxu indi tam şəkildə ictimaiyyətə açıqlana bilər.

Tramp administrasiyası onun prezidentliyi dövründə işin minlərlə səhifəsini yayımladı, lakin 1992-ci ildə bütün məlumatların 2017-ci ilə qədər ictimaiyyətə açıqlanmasını tələb edən qanuna baxmayaraq, digərlərini milli təhlükəsizlik səbəbi ilə bağlı saxladı.

2021-ci ilin oktyabrında cənab Bayden daha 1500-ə yaxın sənəd açıqladı və indi arxivdən Con Kennedinin qətlinə həsr olunmuş demək olar ki, bütün sənədlər gün işığı gördü.

(BBC)