Patruşevdən həyəcan təbili: “Krım vurula bilər”

Patruşevdən həyəcan təbili: “Krım vurula bilər”

“Nəqliyyat kompleksinin fəaliyyətinə zərər vurmaq üçün pilotsuz uçuş aparatlarından istifadə ehtimalı artıb”

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Krımda milli təhlükəsizlik məsələləri ilə bağlı iclas zamanı PUA-ların nəqliyyat obyektlərinə zərbə endirmə riskinin artacağı barədə xəbərdarlıq edib.

“Krımın və Sevastopolun nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində vəziyyətin təhlili nəqliyyat infrastrukturu obyektlərində və nəqliyyat vasitələrində qeyri-qanuni addımlar  təhlükəsinin artdığını göstərir”, - deyə o bildirib.

Patruşevin sözlərinə görə, nəqliyyat kompleksinin fəaliyyətinə zərər vurmaq üçün pilotsuz uçuş aparatlarından istifadə ehtimalı artıb.

Bundan əvvəl İctimai Xəbərlər Xidməti Rusiyanın Ukraynada apardığı müharibə fonunda Krımda yüksək səviyyədə terror təhlükəsinin müşahidə edildiyini yazmışdı.

Bu fonda ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper hesab edir ki, Kiyev HIMARS çoxsaylı buraxılış raket sistemləri ilə Krımda olanlar da daxil olmaqla, Rusiya hədəflərinin mütləq əksəriyyətinə zərbə endirməyə qadirdir. Kuperin brifinqi “PBS NewsHour” “YouTube” kanalında yayımlanıb.

Pentaqonun hesablamalarına görə, Ukraynanın sahib olduğu 80 kilometr mənzilli GMLRS idarə olunan raketlərinin köməyi ilə döyüş meydanındakı hədəflərin böyük əksəriyyəti məhv edilə bilər: “Biz hesab edirik ki, onlar Krım da daxil olmaqla, hədəflərin böyük əksəriyyətini vurmağa qadirdir”.

Oktyabrın 4-də ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon söhbətində Kiyevə yeni hərbi yardım paketinin ayrılacağını deyib. Amerika dövlət başçısı bəyan edib ki, Vaşinqton təhlükəsizlik məqsədilə Kiyevə 625 milyon dollar ayıracaq.

(osnmedia.ru)