Rusiya və yəhudilər: “anormal” olan kimdir?
Əgər Putin anti-semitizmin əleyhinədirsə...
Rusiya Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşevin köməkçisi Aleksey Pavlovun məşhur “Arqumenti i faktı” qəzetində yayımlanan məqaləsində Ukraynanın siyasəti tənqid olunarkən, bu ölkəni idarə edənlərin slavyan köklərindən uzaqlaşdıqları və anormal insanların nəzarəti altına keçdikləri iddia edilib. Pavlov “anormal insanlar” dedikdə radikal iudaizmə bağlı olanları nəzərdə tutduğunu gizlətməyib.
Bu, açıq-aşkar antisemitizmdir. Pavlov bu sırada ukraynalı oliqarxlardan İqor Kolomoyskinin adını çəkib. Bəli, sirr deyil ki, Kolomoyski yəhudidir, Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski də eyni dinə bağlıdır.
Rusiya və Sovet tarixinin müxtəlif kəsimlərində bu imperiyaların başında dayananların yəhudilərə nifrəti olub, qətliamlar və saxta məhkəmə işləri olub. Bu siyasət Rusiyanın şovinist çarlarından tutmuş SSRİ diktatoru Stalinə qədər davam edib. Buna görə də yəhidilərin ən böyük köçlərindən biri müxtəlif dövrlərdə məhz Rusiya və SSRİ-dən olub.
Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin anti-semit baxışları yoxdur, bir ara İsraillə sıx münasibətləri də var idi. Ancaq Putin hər dəfə israilli rəsmilərə onu da sual edirdi ki, “Siz necə ola bilər ki, nasistlərə simpatiyası olan Ukraynanı dəstəkləyirsiniz?”.
Putin Ukraynada müstəqillik uğrunda mübarizənin başında dayanan Stepan Banderanın xalq qəhrəmanı kimi təqdim olunduğunu nəzərdə tutur. Putinin özündən soruşmaq lazımdır ki, “Bəs Siz yəhudilərə nifrət bəsləyən diktator Stalinə niyə bu qədər rəğbət bəsləyirsiniz?”.
Əgər Putin anti-semitizmin əleyhinədirsə, anti-semit ruhlu məqalə yayımlayam şəxsi hakimiyyətdən uzaqlaşdırmalıdır.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”