Avropanın NATO-ya can atmayan dörd ölkəsi və ən məşhur netral dövlət

Avropanın NATO-ya can atmayan dörd ölkəsi və ən məşhur netral dövlət

Rusiyanın Ukraynaya hərbi təcavüzü dövlətlərin neytrallıq mövqeyini əməlli-başlı zədələdi

Rusiyanın Ukraynaya hərbi təcavüzündən təsirlənən İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün rəsmən müraciət etdi. Onların qəbulundan sonra Avropa İttifaqında transatlantik hərbi alyansa üzv olmayan yalnız 4 ölkə qalacaq: Avstriya, Kipr, İrlandiya və Malta.

Onların dördü də hərbi baxımdan neytraldır. Bu, o deməkdir ki, onlar müdafiə ittifaqına girə və silahlı münaqişələrdə tərəf tuta bilməzlər. Onlar həm də bloklara qoşulmayan statusuna malikdirlər, yəni böyük güc blokunu dəstəkləmirlər.

Kipr və İrlandiya məsələsində neytrallıq tarixən iki adanın iki ayrı əraziyə bölünməsi faktına əsaslanır. Şimali İrlandiya Birləşmiş Krallığın bir hissəsidir, Şimali Kipr isə yalnız Türkiyə tərəfindən tanınır.

Lakin onların hamısının NATO ilə əlaqələri var. Avstriya, İrlandiya və Malta Sülh Naminə Tərəfdaşlıq Alyansında iştirak edir. Bu, genişləndirilmiş siyasi və hərbi əməkdaşlıq və humanitar yardım, sülhməramlılıq və böhranın idarə edilməsi kimi birgə çoxtərəfli fəaliyyətlər üçün çərçivə təmin edir. Bu, qoşulmayanlara NATO ilə qarşılıqlı fəaliyyətlərini yaxşılaşdırmağa imkan verir.

Kipr NATO-nun üzvü olan Böyük Britaniyanın iki hərbi bazası üçün öz ərazisini təmin edib.

Bununla belə, Rusiyanın fevralın 24-də Ukraynaya təcavüzü əksər neytral Avropa ölkələrində kənarda durmağın əsaslı olub-olmaması ilə bağlı müzakirələrə səbəb oldu. Məsələn, İsveç və Finlandiya ənənəvi olaraq neytral mövqe sərgiləsə də, Moskva öz tanklarını Kiyev istiqamətinə atdıqdan sonra ictimai rəy tez bir zamanda NATO-ya üzvlük lehinə dəyişdi.

“Köhnə Dünya”da Aİ-yə daxil olmayan bir sıra digər ölkələr də Alyansa qoşulmayıb. Bunlara Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Kosovo, Moldova və Serbiya, eləcə də İsveçrə daxildir.

İsveçrə, bəlkə də, dünyanın ən məşhur neytral ölkəsidir, statusunun ilk qeydi 1515-ci ilə təsadüf edir. Rəsmi olaraq 1815-ci ildə Napoleon Bonapartın Vaterloda məğlubiyyətindən sonra yaradılıb.

(euronews)