Rus oliqarxların “payızı” başlayıb – İki zərbə birdən
Avstriyada rus oliqarxların iki oteli "məcburi" hərracda satılıb
Avstriya Alplarında rus oliqarxları ilə əlaqəli iki otel məcburi auksionla satılıb. “Maximilian” oteli 6 milyon avroya “Ötztal” konsorsiumuna gedəcək, “Tirolerhof” isə “Serfaus” xizək kurortunun otelçilər assosiasiyası tərəfindən 3,8 milyon avroya alınıb.
Hələ 2019-cu ildə müxalif siyasətçi Aleksey Navalnı istintaqında Moskva Şəhər Dumasında "Vahid Rusiya" fraksiyasının rəhbəri Andrey Metelskini Avstriyada gizli bizneslə məşğul olmaqda və anası Eldibitta Metelskayanın, oğlunun və "köhnə dostu" - Vahid Rusiya üzvü və keçmiş Moskva deputatı Pyotr İvanovskinin adına rəsmiləşdirilən şübhəli vəsaitlərlə dörd otel əldə etməkdə ittiham etmişdi.
Navalnının sözlərinə görə, Metelski ölkədən 50 milyon avrodan çox pul çıxarıb. Sövdələşmə Rusiyanın Ukraynaya hərbi təcavüzə başlayandan sonra sanksiyaya məruz qalan Rusiyanın dövlət bankı VTB-nin Avstriya filialı vasitəsilə həyata keçirilib.
2020-ci ildən bəri səlahiyyətlilər kredit ödənişlərinin dayandırılması səbəbindən əmlakı hərraca çıxarmaqla hədələyirdilər. Müflis olan otel sahiblərinin yerli banka 3 milyon avrodan çox borcu var.
Ukraynada müharibə başlayandan sonra NEOS partiyasının (Yeni Avstriya və Liberal Forum) siyasətçiləri ukraynalı miqrantları boş otellərdə yerləşdirməyi təklif ediblər.
Avstriya mətbuatının yazdığına görə, rus iş adamlarının nüfuzlu Tirol kurortlarında aldığı otellər pandemiya zamanı büdcədən 6,3 milyon avro yardım alıb. Subsidiya alanlar arasında Metelskilər, Oleq Deripaska və Kremlə yaxın olan digər oliqarxlar var.
(euronews.com)