“Ukrayna torpaqlarının ilhaqını tanımırı” – Hulusi Akar
Türkiyəli nazir: “NATO-nun Baş katibi gördüyümüz işlərin vacibliyini təsdiqləyib”
“Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmət etdiyimizi və onun torpaqlarının ilhaqını tanımadığımızı bildirdik. İclasda qeyd etdik ki, bu faciəyə daha çox insan tələfatı olmadan son qoyulması, həll yollarının dinc vasitə və üsullarla tapılması vacibdir”.
“Avronews” xəbər verir ki, bu barədə yanvarın 20-də Almaniyanın Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin ilk günündən onun ölkəsi Montrö konvensiyasına uyğun olaraq tərəflərin hərbi gəmilərini boğaza buraxmayıb: “Əgər burada sabitlik varsa, bunun əsas səbəbi Türkiyənin həyata keçirdiyi siyasətdir. Prezidentimizin rəhbərlər səviyyəsində keçirdiyi görüşlərlə bir tərəfdən əsirlərin mübadiləsini, digər tərəfdən isə Ukrayna limanlarında gözləyən taxılın ehtiyacı olanlara çatdırılmasını təmin etdik. İndiyədək Ukrayna limanlarından 18 milyon ton taxıl daşınıb. Biz görüşdə bunların çox dəyərli olduğunu və Prezidentimizin Putin və Zelenski ilə görüşlərinin bu işlərin həyata keçirilməsində vacib rol oynadığını bildirdik”.
Akar Türkiyənin səylərinin əhəmiyyətini və dəyərini bir daha vurğulamaq fürsəti əldə etdiyini bəyan edib: “İclasda iştirak edən NATO-nun Baş katibi Stoltenberq də NATO çərçivəsində hərəkətlərimizin əhəmiyyətini təsdiqləyir”.