Rusların İstanbula mühacirəti: müharibə yeni reallıqlar yaradıb

Rusların İstanbula mühacirəti: müharibə yeni reallıqlar yaradıb

“Dörd ay əvvəl mən rus komediyaçısı idim, amma indi İstanbul küçələrində işləyirəm”

"Dörd ay əvvəl mən rus komediyaçısı idim, sonra müharibəyə qarşı çıxdım, indi səyyar komediyaçıyam", - deyir hazırda İstanbulda yaşayan Denis Çujoy.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra o, həyat yoldaşı ilə birlikdə Moskvanı tərk etmək qərarına gəlir: “Biz düşündük ki, yaxın illərdə Rusiyada yaxşı heç nə olmayacaq və buna görə də başqa ölkədə yeni həyata başlamağa cəhd edə bilərik”.

“Euronews”un İstanbul üzrə müxbiri Kristina Yovanovski da rusların bir çox səbəblərə görə İstanbulu seçdiklərini bildirir: “Burada birbaşa uçuşlar var, digər ölkələrin hava məkanını bağlamasına baxmayaraq, siz burada bir neçə ay vizasız qala bilərsiniz. Amma bütün bunlar səyahəti asanlaşdırmır”.

Rusiyadan gələn bəzi mühacirlər yardım qrupları yaradıblar. Administratorlar deyirlər ki, onlarla artıq minlərlə insan əlaqə saxlayıb. İndiyədək Türkiyəyə gələn 250 nəfərə yardım göstərilib.

"Bir çox insan Rusiyanı tərk etdi, çünki əks halda həbs olunma riski, həqiqi həbs təhlükəsi olacaqdı. Sadəcə müharibənin yanlış olduğuna inandıqları üçün bunun əleyhinədirlər. Amma Türkiyədə iş tapmaq asan deyil, dil də müəyyən maneədir”, - “The Ark”ın həmtəsisçisi Eva Rapport söyləyir.

Rəsmi statistikaya görə, may ayında Türkiyədə daşınmaz əmlakın xarici alıcıları arasında ruslar birinci yerdə olublar.

Denis Çujoy ABŞ və ya Avropaya köçməyi planlaşdırır. İstanbulda karyerasını ingilis dilində qurmaq imkanı olduğunu qeyd edir. O, zarafatlarında təsəlli tapır: “Zarafat yazanda həyatındakı problemlərə fikir verirsən, ona görə də mənim işim həyatı yenidən yazmaqdır ki, reallıqdan daha yaxşı olsun”.

Yüzlərlə rusiyalı jurnalist də təqiblərdən Türkiyəyə qaçıb. Son zamanlar Türkiyədə yaşayış icazəsi almaq qaydaları sərtləşdirilib.

(euronews)