Ermənilər ümidsizlik içində
Çıxışçıların auditoriyanı qızışdırmaq cəhdləri də ciddi effekt vermirdi
Ermənilərin Xankəndidə keçirdikləri mitinqin xəbərlərinə, videolarına baxıram. Rusiyanın təxribatı olmasına heç kimdə şübhə doğurmayan bu aksiya, eyni zamanda bölgədə maraqları olan böyük dövlətlərin bir-birinə qarşı oynadıqları oyunun da nəticəsidir.
Bu qədər adamın Xankəndidə yaşaması sual doğuran məqamdır, o ki qala onların mitinqə çıxması. Soçi görüşü öncəsi Putin bizə, elə həm də Paşinayana mesajlar verdi. Cənubi Qafqazda gücünün olduğunu, bölgənin onun təsir dairəsində olmasını göstərən Moskva tərəfləri öz istəyinə tabe etmək istəyir.
Mitinqdə rus dilində çıxış edən erməni qadının nitqinə qulaq asdıqdan, erməni saytlarının məlumatlarını oxuduqdan sonra belə bir təəssürat formalaşır ki, bu cür "aksiya" keçirmələrinə baxmayaraq Xankəndidəki ermənilər ümidsizdir. Onlar əvvəl Ermənistan, diaspor və digər böyük dövlətlərin dəstəyinə ümid bəsləyirdilərsə, artıq bu ümid ölüb.
Çıxışçıların auditoriyanı qızışdırmaq cəhdləri də ciddi effekt vermirdi. Çünki 44 gün ərzində olanları gördülər. Sadə erməni anlayır ki, Ermənistanın indiki hakimiyyəti Xankəndidə separatizmi dəstəkləmir, diaspor onlara dəstək verəcək gücdə deyil, xarici güclərə isə bel bağlamağına dəyməz.
Ermənilərin Rusiyaya inandığına inanmaq olmur. Çünki ermənilərin əksəriyyəti 44 günlük müharibədə Rusiyanın səssiz qalmasını unutmayıblar. Yenidən belə bir halın təkrarlanması mümkündür və bu oradakı bir ovuc separatistin, terrorçunun sonu olacaq.
Hələlik isə həmin separatçılar, köhnə-yeni terrorçular Xankəndidə növbəti avantüraya imza atmaqdadırlar. Beynilərində 1988-ci il havası qalan həmin separatçılar hazırkı geosiyasi durumun dəyişdiyini, Azərbaycanın əvvəlki ölkə olmadığını, ötən müddət ərzində dəstək aldıqları ünvanların çökdüyünü, çökməkdə olduğunu qəbul etmək istəmirlər. Bu avantüranın ömrü uzun olmayacaq. Çünki dünyada və bölgədə proseslər başqa istiqamət almaqda, vəziyyət dəyişməkdədir.
Müəllif: Mübariz Göyüşlü (“Müasir İnkişaf” İctimai Birliyinin sədri)
Mənbə: “Facebook”