Putinin ətrafına növbəti zərbə

Putinin ətrafına növbəti zərbə

Avropada Rusiyanın 17 milyard avrodan çox aktivləri dondurulub

Avropa İttifaqının (Aİ) ədliyyə üzrə komissarı Didye Reynders “Funke” media qrupuna müsahibəsində deyib ki, Aİ-də Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi çərçivəsində, müharibə başlayandan bəri Rusiyanın 17 milyard avrodan çox aktivləri dondurulub.

"İndiyədək 90 nəfərin aktivləri dondurulub - 7 üzv ölkədə 17 milyard avrodan çox, o cümlədən Almaniyada 2,2 milyard avro", - deyə Reynders bildirib.

İyul ayında Aİ komissarı İttifaq üzvlərinin təxminən 13,8 milyard avro dəyərində yaxtaları, daşınmaz əmlaklarını, hesablarını və Rusiyanın digər aktivlərini dondurduqlarını bildirmişdi. Sonra Reynders aktivlərin olduqları ölkələrin adlarını çəkmədi, yalnız onların əksəriyyətinin - 12 milyard avrodan çoxunun cəmi beş üzv dövlətin payına düşdüyünə diqqət çəkdi. İndi ölkələrin sayı yeddiyə çatıb, dondurulmuş aktivlərin həcmi isə demək olar ki, iki dəfə azalıb.

“Dondurulmuş aktivlər Ukraynanı bərpa etmək üçün istifadə edilə bilər. Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasından bəri Aİ Rusiya Federasiyasına qarşı səkkiz sanksiya paketi tətbiq edib və indi başqa nə edilə biləcəyini araşdırır”, - deyə Reynders söyləyib.

Ukrayna siyasətçiləri dəfələrlə dondurulmuş aktivlərin müharibədən sonra ölkənin bərpası üçün istifadə olunmasını tələb ediblər. Reynders bu inkişafı istisna etmir. O, Qərbin sanksiyaları çərçivəsində Rusiya bankının ehtiyat aktivlərindən 300 milyard avronun dondurulduğunu xatırladıb.

"Aİ cinayət pullarını müsadirə edərsə, o zaman Ukrayna üçün kompensasiya fonduna göndərilə bilər. Lakin bu məbləğ yenidənqurma işlərinin maliyyələşdirilməsi üçün kifayət deyil. Məncə, bu 300 milyard avro ən azı Rusiya Ukraynanın yenidən qurulmasında könüllü iştirak edənə qədər zəmanət kimi saxlanıla bilər”, - deyə komissar vurğulayıb.

(DW)