Ölüm yolçuluğu: 371 miqrant xilas edildi

Ölüm yolçuluğu: 371 miqrant xilas edildi

Malta hakimiyyəti miqrantları “görmür”?

Aralıq dənizində 370-dən çox miqrantı xilas edən “Sərhədsiz Həkimlər” beynəlxalq təşkilatı Malta hakimiyyətinin hərəkətlərindən, daha doğrusu, hərəkətsizliyindən hiddətlənib. Bu qaçqınlar (onların arasında qadınlar və uşaqlar da var) Liviyadan Avropaya getmək üçün bir neçə gün zəif qayıqlarda dənizdə qalıblar. Camaat arıqlayıb, susuz qalıb...

Qayıqlar Maltadan çox da uzaqda deyildi. “Sərhədsiz Həkimlər” təşkilatı ölkə hakimiyyətini yardım göstərməklə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. QHT-lərin bildirdiyinə görə, Malta hadisə barədə məlumatlı idi və xilasetmə əməliyyatlarını koordinasiya etməli idi.

"Komandamız 103 nəfəri, o cümlədən 22 uşaq və ayağı sınmış bir kişini xilas edib. Onlar taxta qayıqda, neytral sularda olublarş Birgə səylərimiz olmasaydı, 371 nəfər bir sutkadan az müddətdə boğula bilərdi. Səlahiyyətli orqanların laqeydliyi və koordinasiyasızlığı yolverilməzdir", - deyə təşkilat bəyan edib.

Təhlükəli səfərdən sağ çıxmaq şansı qazanan miqrantlar çətinliklərlə üzləşməyə davam edirlər. Çox vaxt izdihamlı qaçqın düşərgələrində gərginlik yaranır.

Kiprdə iki döyüşən qrup arasında toqquşma baş verdikdən sonra Purnara düşərgəsi qismən yandırılıb. Hadisə nəticəsində azı 2 nəfər xəsarət alıb, iyirmiyə yaxın çadır yanıb. Səlahiyyətlilər hadisəni 2150 miqrantın məskunlaşdığı düşərgənin həddindən artıq sıxlığı ilə əlaqələndirirlər. Bu, mərkəzin maksimum tutumundan iki dəfə çoxdur.

(Euronews)