Rus casusu qalmaqalı: “O, şokdadır”
Şəxsin barəsində həbs qərarı verilib
Norveç polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən Tromso Universitetinin əməkdaşını saxlayıb. Mətbuatda Xose Asis Giammaria kimi xatırlanan, 37 yaşlı kişi Braziliya sənədləri ilə Norveçdə yaşayıb və Arktikada kəşfiyyat işləri ilə məşğul olub. Lakin polis hesab edir ki, əslində şübhəli şəxs Rusiya vətəndaşlığına malikdir. Onun həmkarları şokdadır.
Tromso Universitetinin dosenti Mark Lanten deyir: "İndi bizim üçün asan deyil. Çoxları üçün şok oldu. Biz bunu gözləmirdik, ona görə də hələlik hər şeyi anlamağa çalışırıq".
Tromso Universitetinin rektoru Daq Rune Olsen bildirir: "O, komanda ilə yaxşı uyğunlaşan fədakar tədqiqatçı idi. Xoş və ünsiyyətcildir".
Məhkəmə həmin şəxsi 4 həftə müddətinə həbs edib.
"Onun üçün çətindir. O, dərin şokdadır. Aydındır ki, o, rus casusu deyil. Və o, indi dairə məhkəməsinin qərarından şikayət etməmək qərarına gəlsə də, onunla razılaşmadığını açıqlayıb”, - deyə müdafiəçi Tomas Hansen qeyd edib.
Şübhəli ötən ilin payızından Norveçdə işləyir və yerli hakimiyyət onun Arktika regionunda ölkənin müdafiə planlarından xəbərdar olduğu peşəkar ictimaiyyətlə əlaqələr qura bildiyindən ehtiyat edir.
Həm də təkcə şimalda deyil: sentyabrın sonunda adam Vilnüsdə seminarda iştirak edib, burada Avropadan olan mütəxəssislər hibrid təhdidləri və müxtəlif növ təxribatlar zamanı hadisələrin inkişafı ssenarilərini müzakirə ediblər.
“Nord Stream”dəki partlayışlardan sonra Norveç xüsusilə təxribatdan qorxur. Avropa İttifaqının (Aİ) Rusiyanın enerji resurslarını almaqdan uzaqlaşmağa çalışması ilə Oslo Avropanın mühüm neft və qaz tədarükçüsünə çevrilib.
Son bir ayda Norveçdə ona yaxın Rusiya vətəndaşı saxlanılıb. Onların əksəriyyəti strateji obyektlərin yaxınlığında dronlardan çəkilişlər aparırdı. Saxlanılanlar arasında Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu da olub.
(Euronews)