Taliban yaddan çıxmayıb
Rusiya və İran problemin günahını ABŞ-da görür
Moskvada fevralın 8-də Əfqanıstanla qonşu olan ölkələrin yüksək rütbəli rəsmilərinin və diplomatların iştirakıyla toplantı keçirilib. Toplantıda Əfqanıstandakı vəziyyət və bu ölkədən bölgəyə mümkün təhlükələr müzakirə olunub. Rusiyanı toplantıda Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev təmsil edib.
Toplantıda çıxış edən Rusiya və İran təmsilçiləri Əfqanıstandakı vəziyyətə görə həmişəki kimi ABŞ-ı tənqid ediblər. Onların məntiqinə görə, 2000-ci illərin əvvəllərində ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsi və bu ölkədə qayda-qanun yarada bilməməsi indiki ağır vəziyyətə gətirib çıxardıb.
Toplantıda Çin və Hindistan təmsilçiləri rusiyalı və iranlı təmsilçilər kimi Əfqanıstandakı ağır vəziyyətə görə ABŞ-ın tənqid etməyiblər. Pekin və Dehli Moskvanın anti-Qərb siyasətindən məsafə saxlayır. Maraqlıdır ki, Əfqanıstana aid toplantıda bu ölkəni nəzarətdə saxlayan Taliban təmsil olunmayıb.
Taliban paytaxt Kabili ələ keçirdikdən sonra beynəlxalq aləmdə legitimliyini bərpa etməyə çalışır. Ancaq nəticə hələ yoxdur. BMT-nin də Talibanı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımaq barədə qərarı yoxdur.
Əfqanıstanda təhlükəsizlik problemləri həll olunmayıb. Əfqanıstana qonşu olan Mərkəzi Asiya ölkələrinin, Hindistanın və Pakistanın narahatlığı azalmayıb. Əfqanıstan iqtisadi və sosial problemlər həll olunmayıb, insan hüquqları sahəsində vəziyyət ağırdır, qadınların haqları pozulur, qadınların işləmək və təhsil almaq imkanları məhduddur. Taliban hərəkatının terrorçu “Al-Kaida” qruplaşmasıyla əlaqələrini kəsdiyinə dair şübhələr qalmaqdadır. Dünya Bankının analizinə görə, Əfqanıstan əhalisinin təxminən 70 faizi zəruri ərzaq məhsullarını ala bilmir. Əhalinin 90 fazininin tibbi xidmətdən istifadə imkanları məhduddur.
Taliban kənardan maliyyə yardımı əldə etməyə çalışır. Əfqanıstanın ABŞ banklarında 9 milyard dollara yaxın vəsaiti dondurulub. Vaşinqton bu maiyyəni Talibana vermək istəmir.
Pakistanın və Hindistanın Əfqanıstanla bağlı maraqları var. Hər iki dövlət Əfqanıstanla bağlı da bir-biri ilə rəqabət aparırlar. Əfqanıstanda başqa silahlı qruplar da mövcuddur. Taliban hakimiyyəti ələ keçirənə qədər Əfqanıstanın Hindistanla pozitiv münasibətləri mövcud idi. Buna baxmayaraq, Hindistan əfqanlara humanitar yardımlar göndərməkdə davam edir. Bu mənada Taliban da Dehli ilə əlaqələrdən imtina etməyib. Taliban rəhbərləri Hindistanın ünvanına kəskin fikirlər səsləndirmirlər. Hindistan Əfqanıstanda müxtəlif iqtisadi və sosial layihələrə 3 milyard dollar xərcləyib. Taliban Dehlinin bu layihələri davam etdirməsini istəyir.
Pakistan da illər uzunu Əfqanıstana maliyyə dəstəyi verib. Taliban bir hərəkat olaraq Pakistan ərazisində yaranıb və möhkəmlənib. Buna baxmayaraq, Talibanın hazırki rəhbərliyi Pakistandan asılı olmaq istəmir, bərabərhüquqlu tərəfdaşlığa çalışırlar. Misal üçün Taliban Hindistanla Pakistan arasında mübahisəyə qarışmır, Kəşmirlə bağlı mövqe bildirmir. Pakistan ordusu və polisi ölkə daxilindəki radikal qruplaşmalarla mübarizə aparır. Taliban rəhbərliyi həmin qruplaşmalarla heç bir əlaqəsinin olmadığını vurğulayır. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra ABŞ və digər Qərb ölkələriylə də münasibətlərdə gərginlik yaşamır. Qərb Talibanla əlaqə saxlamır.
Taliban Kabili ələ keçirmədən əvvəl Əfqanıstanın keçmiş hökumətlərinin Azərbaycanla sıx əlaqələri var idi. Azərbaycan Əfqanıstana yardım edir, əfqan məmurlarının Bakıda kurslarda iştirakına şərait yaradırdı. Taliban hakimiyyəti ələ keçirdikdən sonra bu əlaqələr kəsilib. Digər tərəfdən Talibanın Azərbaycandan hər hansı istəyi yoxdur.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”