Şahzadənin kitabı qalmaqal qopardı – “Taliban” təzminat tələb edir
“Biz beynəlxalq ictimaiyyəti bu adamı məsuliyyətə cəlb etməyə və bizə təzminat ödəməyə çağırırıq: biz evimizi, ailə üzvlərimizi itirmişik, dolanışığımızı itirmişik”
“Associated Press” xəbər verir ki, Britaniya şahzadəsi Harrinin Əfqanıstanda xidmət edərkən “Taliban” döyüşçülərinin öldürülməsi ilə bağlı açıqlamaları bu ölkədə etirazlara səbəb olub və koalisiya qüvvələrinin hava hücumları nəticəsində mülki vətəndaşların itkiləri ilə bağlı xatirələri canlandırıb.
Molla Abdulla jurnalistlərə deyib ki, 2011-ci ildə Helmaəd əyalətindəki evinə Britaniya raketinin düşməsindən sonra doqquz yaxınını itirib: “Biz beynəlxalq ictimaiyyəti bu adamı məsuliyyətə cəlb etməyə və bizə təzminat ödəməyə çağırırıq: biz evimizi, ailə üzvlərimizi itirmişik, dolanışığımızı itirmişik”.
Müvəqqəti “Taliban” hökumətinin nümayəndəsi Əbdülqahar Bəlxi şahzadənin etiraflarını şərh edərək, koalisiya qoşunlarının hərəkətlərini “Əfqan xalqına vurulan travma” adlandırıb: “Şahzadə Harrinin şərhləri saysız-hesabsız günahsız insanı qətlə yetirən işğalçı qüvvələrin əfqan xalqına verdiyi travmanın kiçik bir nümunəsidir”.
“Associated Press”ə müsahibə verən universitet müəllimi Seyed Ahmad Seyed deyib ki, “Şahzadə Harri, onun dostları və ya başqa birinin Helmənd və Əfqanıstanın digər əyalətlərində törətdiyi hərəkətlər qəbuledilməz və qəddardır”.
Şahzadə Harri “Ehtiyat oyunçu” adlı xatirə kitabında öldürdüyü “Taliban” döyüşçülərini şahmat lövhəsindən çıxarılan piyadalar kimi qəbul etdiyini deyir. Sasseks hersoqu 10 il Britaniya ordusunda xidmət edib. İki dəfə helikopter pilotu kimi Əfqanıstanda döyüşlərdə iştirak edib. Onun kitabı artıq İngiltərədə çoxlu tənqidlərə səbəb olub. Bukingem Sarayı hələ ki, orada olan faktları şərh etməyib.
(Euronews)