Nobel mükafatı razılıqlara və narazılıqlara səbəb olub

Nobel mükafatı razılıqlara və narazılıqlara səbəb olub

“Bu mükafat bizim bütün fəaliyyətimizin layiqli qiymətidir

Nobel Sülh Mükafatının Rusiya, Belarus və Ukrayna hüquq müdafiəçilərinə verilməsi müxtəlif reaksiyalara səbəb olub. İlk olaraq, laureatları təbrik edən BMT-nin Baş katibi Antonio Quterreş və Avropa Komissiyasının sədri Ursula fon der Leyen avtokratiyaya qarşı çıxan qadın və kişilərin cəsarətlərindən danışıblar.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak və ölkənin Almaniyadakı keçmiş səfiri Andriy Melnik Norveç Komitəsinin qurban ölkəni təcavüzkarlarla bərabər tutduğunu bildirib.

Nobel mükafatını “Memorial” və Ales Byalyatski ilə bölüşən Ukrayna “Vətəndaş Azadlıqları Mərkəzi”ndə isə sevinclərini gizlətmirlər. “Biz sadəcə heyran qaldıq. Günümüz üçün çox yaxşı bir başlanğıc oldu. Düzünü desəm, bunu gözləmirdik. Biz başa düşürük ki, bu mükafat bizim bütün fəaliyyətimizin layiqli qiymətidir”, - deyə Mərkəzin mətbuat katibi Anna Trusova bildirib.

Nobel Sülh Mükafatı laureatı, Belarusun "Vesna" insan haqları mərkəzinin təsisçisi Ales Byalyatski ötən ilin yayından həbsdədir. O, vicdan məhbusu kimi tanınır. Həyat yoldaşı Natalya hüquq müdafiəçisinə verilən mükafatı “ağır və təhlükəli işə görə verilən mükafat” adlandırıb.

Belarus etirazının lideri, prezidentliyə keçmiş namizəd Sveatlana Tixanovskaya Norveç Komitəsinin qərarını azadlıq və demokratiya uğrunda mübarizədə bütün belarusluların xidmətlərinin tanınması kimi qiymətləndirib: “Ales Byalyatski bir ildən artıqdır ki, həbsdədir və həbsxanada cəza kameralarında çox əziyyət çəkir. Siyasi baxışlarına görə həbs olunan minlərlə insan da var”.

Rusiyanın “Memorial” cəmiyyəti xüsusilə müharibə şəraitində Ales Byalyatski və Ukraynanın “Vətəndaş Azadlıqları Mərkəzi” ilə bir yerdə olmağın böyük şərəf olduğunu bildirib. “Memorial” İnsan Hüquqları Mərkəzinin hüquqşünası Tatyana Qluşkova bu mükafatın əhəmiyyətindən danışıb: “Bu, bizim üçün, Rusiya hakimiyyəti tərəfindən tanınıb-tanınmamasından asılı olmayaraq, işimizin vacib olduğuna işarədir. O, dünya üçün vacibdir. Bu, Rusiyadakı insanlar üçün vacibdir”.

“Memorial” cəmiyyəti bundan əvvəl təşkilatın həmtəsisçisi olmuş Andrey Saxarov adına mükafata layiq görülüb. Ötən il Rusiya Ali Məhkəməsi “Memorial”ın bütün bölmələrinin ləğv edilməsi barədə qərar çıxarıb.

(Euronews)