“Bu, Ərdoğan və Quterreşin üzünə tüpürməkdir”
Odessaya endirilən raket zərbələri dünyanı çalxalayıb: nə baş verir?
Şənbə günü səhər Odessada partlayış səsi eşidilib. Belə ki, iki rus raketi dəniz limanına düşüb. Zərbə nəticəsində nasos stansiyasında yanğın baş verib. Son məlumatlara görə, taxıl anbarında yanğın olmayıb.
Bu jadisə İstanbulda Ukrayna taxılının daşınması şərtləri və gəmilər üçün təhlükəsizlik zəmanətləri haqqında sazişlərin imzalanmasından bir gün sonra baş verib.
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Odessaya endirilən zərbələri Rusiya Prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin üzünə tüpürməsi kimi dəyərləndirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə baş verən hadisəni belə şərh edib: “Odessaya zərbə yalnız bir şeyi göstərir - Rusiya verdiyi vədləri yerinə yetirməməyin yollarını tapacaq”.
Bir gün əvvəl Zelenski Ukraynanın ixraca hazır təqribən 10 milyard dollar dəyərində taxılı olduğunu söyləmişdi.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın Odessadakı dəniz limanına raket hücumlarını kəskin şəkildə pisləyir: “Müqavilələrin imzalanmasından dərhal sonra ixracda mühüm rol oynayan hədəfə endirilən zərbələr Rusiyanın beynəlxalq hüquq və öhdəliklərə qətiyyən məhəl qoymadığını bir daha nümayiş etdirdi”.
Moskva hələlik insidentlə bağlı şərh verməyib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Odessa limanının atəşə tutulmasında Rusiyanın əli olmadığını bildirib.
"Moskva ilə bu günkü təmaslarımızda bizə bildirildi ki, onların hücumla heç bir əlaqələri yoxdur. Onlar hadisəni diqqətlə araşdırırlar", - deyə Akar rəsmi "Twitter" səhifəsində yazıb.
“Biz bu hadisənin dünən taxıl ixracı sazişinin imzalanmasından dərhal sonra baş verməsindən narahatıq”, - deyə türkiyəli nazir əlavə edib.
BMT-nin Baş katibi Quterreş qlobal ərzaq böhranını aradan qaldırmaq və dünyada milyonlarla ehtiyacı olan insanın əzabını yüngülləşdirmək üçün Rusiya, Ukrayna və Türkiyənin öz öhdəliklərini tam yerinə yetirməsinin vacibliyini açıqlayıb.
(euronews)