“Yalanın abidələri” sökülür: Kreml “havalanıb” – FOTOLAR

“Yalanın abidələri” sökülür: Kreml “havalanıb” –

“Sovetlər 1945-ci ildə bizi azad etmədilər, əksinə, yeni köləlik gətirdilər”

Polşa hakimiyyəti Qızıl Ordunun əsgərlərinə İkinci Dünya müharibəsindən sonra ucaldılmış dörd abidəni eyni vaxtda söküb. Ölkə hakimiyyəti bu abidələri kommunist ideologiyasının simvolu hesab edir, onların daşıyıcıları sovet əsgərləridir. Varşavanın qənaətincə, onlar Polşanı azad etməyiblər, əskinə, nasist işğalçılarını ölkədən qovaraq, özləri Moskvaya sərf edən totalitar rejim qurublar. Kreml bu iddiaları “dəhşətli yalan” adlandırıb.

Qlubçitsa, Bıçina, Bobolitse və Staszovdakı abidələrin sökülməsini internet vasitəsilə canlı izləmək mümkün olub. Hüquqi baxımdan abidələrin sökülməsi qərarı hələ 2016-cı ildə qəbul edilib və totalitar ideologiyanın təbliğatını qadağan edən qanunla əsaslandırılıb.

Qlubçitse şəhərindəki abidələrdən birinin sökülməsi zamanı Polşa Milli Xatirə İnstitutunun rəhbəri Karol Navroçki deyib: “Bu, yalanın abidəsidir. 1945-ci ildə sovetlər bizi azad etmədilər, yeni köləlik gətirdilər”.

Navrotskinin fikrincə, müasir Rusiyaya mahiyyətcə bu ideologiya miras qalıb və indi bu, Kremlin Ukraynaya qarşı başlatdığı müharibə şəklində faciəvi nəticələrə gətirib çıxarıb: "Axı bu, bugünkü Rusiya Federasiyasında ruhu hələ də canlı olan və öz dəyərlərinə və dünyaya baxışına əsaslanaraq 21-ci əsrdə müasir ukraynalılara ölüm gətirən bir sistemin simvoludur".

Abidələrin sökülməsi və Navrotskinin bəyanatlarını Kremlin sözçüsü Dmitri Peskov belə şərh edib: “Bu, dəhşətli yalandır. Polşalıların gənc nəslini aldatmaq və onları bu yalanla qidalandırmaq və ruslara nifrət yaratmaq yolu ilə onları böyütmək üçün növbəti cəhddir. Rusiya və Sovet İttifaqının tərkibində olan digər respublikaların vətəndaşları Polşanı azad edərkən həlak olublar”.

Hansı abidələr sökülüb?

Polşa Milli Xatirə İnstitutunun rəhbərinin sözlərinə görə, sovet əsgərlərinə aid 30-a yaxın abidə tədricən sökülsə də, onlar ölkədə hələ də qalıb. Polşanın PAP agentliyinin dəqiqləşdirdiyi kimi, dörd yenicə sökülən abidəni nəzərə alaraq, ilin əvvəlindən ölkədə səkkiz belə abidə artıq dağıdılıb.

PAP-ın məlumatına görə, “Qızıl Orduya minnətdarlıq” abidəsi 1945-ci ildə Qlubçitse şəhər parkında ucaldılıb. O, müharibə zamanı ərazidə həlak olmuş sovet əsgərlərinin xatirəsinə həsr olunub.

Bıçinadakı abidə də 1945-ci ildə ucaldılıb, şəhər uğrunda döyüşlərdə həlak olan 38 Qızıl Ordu əsgərinin xatirəsinə həsr olunub. 1950-ci illərdə sovet əsgərlərinin qalıqları başqa qəbiristanlıqlara köçürülsə də, abidə qalıb.

Bobolitse şəhərindəki abidə 1945-ci ildə Qızıl Ordu əsgərlərinin özləri tərəfindən tikilib. Əvvəlcə döyüşlər zamanı həlak olan altı sovet əsgərinin cəsədi də onun altında idi, lakin sonra qalıqlar yenidən basdırılıb.

Cümə axşamı dağıdılan dördüncü abidə Staszov şəhəri yaxınlığındakı meşənin yanında yerləşirdi. Üzərində belə bir yazı vardı: “Bu yerdə 1945-ci il yanvarın 12-də səhər saat 4-də marşal Konevin komandanlığı ilə Sovet Ordusunun Birinci Ukrayna Cəbhəsinin qoşunları qasırğa atəşi ilə qış hücumuna başladı. Və Polşa azad edildi və nasizm məğlub oldu. Yenilməz Sovet ordusuna eşq olsun!”.

Baltikyanı ölkələrdə də son aylarda sovet əsgərlərinin abidələri aktiv şəkildə sökülür.

(BBC)